Azərbaycanda baş vermiş təyyarə qəzalarının – SİYAHISI

Azərbaycanda baş vermiş təyyarə qəzalarının – SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı-Qroznı təyyarəsi Aktau şəhərində qəzaya uğrayıb. Təəssüf ki, dünyada bu cür faciəvi qəzalar zaman-zaman baş verir. Azərbaycanda da istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillikdən sonra hava nəqliyyatında qəzalar yaşanıb.

Tribunainfo.az bu günə qədər Azərbaycanın hava nəqliyyatında baş vermiş təyyarə qəzalarını təqdim edir:

1965-ci ilin 25 yanvar tarixind SSRİ Hərbi Hava Qüvvələrinə məxsus An-8 hərbi-nəqliyyat təyyarəsi Goran aerodromundan qalxaraq Gəncə aerodromuna eniş edərkən qəzaya uğrayıb. An-8 Gəncə Yağ-piy kombinatının anbarlarına çırpılaraq yanıb. Nəticədə 6 heyət üzvünü hamısı həlak olub.

1966-cı ilin 23 aprel tarixində Binə hava limanından (indiki Heydər Əliyev adına beynəlxalq hava limanı) havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməyib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.

1973-cü ilin 18 avqust tarixində Bakı-Aktau-Bakı reysi ilə hərəkət edən AN-24B tipli sərnişin təyyarəsi Binə hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 heyət üzvü olub. Qəzadan sağ qurtulan olmayıb.

1974-cü ilin 11 mayında Qax-Zaqatala bölgəsində aviasiya-kimya işləri həyata keçirən An-2 təyyarəsinin komandiri Vitali Qavrilov içki düşkünlüyünə görə özünün və təyyarədəki daha 7 nəfərin ölümünə səbəb olub. O, 1974-cü il mayın 11-də axşamçağı Qax aeroportunun uçuş zolağında işçilərlə və aeroporta icazəsiz daxil olan yerli sakinlərlə birlikdə içki məclisi təşkil edib. Bundan sonra isə gəzmək məqsədilə An-2 təyyarəsinə minərək Zaqatala rayonuna gediblər. Qax aeroportuna qayıdan zaman gecə olmasına görə və içkinin təsiri ilə Qavrilov təyyarəni yerə çırpıb. Nəticədə pilot da daxil olmaq 8 nəfər yerindəcə həlak olub.

1989-cu ilin 18 oktyabr tarixində SSRİ Hərbi Desant Qüvvələrinin 218-ci alayının 8-ci bölüyünü Bakıdan Ukraynaya aparan İL-76 hərbi-nəqliyyat təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra qəzaya uğrayıb. 1600 metr yüksəklikdə təyyarənin sağ mühərriki alışaraq qopub. Nəticədə baş verən yanğın və idarəetmənin itirilməsi İL-76 təyyarəsinin yerə çırpılmasına səbəb olub. Qəza nəticəsində 57 nəfər – 9 heyət üzvü və 48 desantçı həlak olub.

1995-ci ilin 5 dekabr tarixində baş verən Azərbaycanın müstəqillik tarixinin ən böyük aviasiya qəzası sayılır. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub.
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.

2005-ci ilin 23 dekabr tarixində Azərbaycan Hava Yollarına (AZAL) məxsus An 140-100 təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.

2011-ci ilin 5 iyulunda Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan “Taliban” qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub.

Gülşən