“500-2000 manatlıq əmək haqqı olan boş iş yerləri ilə bağlı Dövlət Məşğulluq Agentliyinin (DMA) yaydığı bəyanat heç bir fakta söykənmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspertin sözlərinə görə, DMA-nın belə bir siyahısı yoxdur:
“Agentliyin 2000 manat əmək haqqı təklif etdiyi iş yerləri mövcud deyil. Bəyanat şəkilində deyirlər ki, Qarabağda işləyənlərə 1500-2000 manat maaş verirlər. Orada da müəyyən problemlər var və bu ərazilərdə fəaliyyət təhlükəli sayılır. Çünki bu gün ora adi vətəndaşları buraxmırlar, ərazilərdə mina təhlükəsi var və bunu hökumət də bəyan edir”.
Akif Nəsirli bildirib ki, bəzi dövlət qulluğu vakansiyaları var:
“Bunları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etmir. Onu dövlət qurumları özləri təqdim edir. Orada işə girmək üçün mütləq ali təhsilin olmalıdır, sertifikasiyadan keçməlisən. Ondan sonra vəzifə seçib müsabiqəyə daxil olmalısan. Həmin müsabiqədə özləri istədikləri sulları verirlər. Sualların çoxunun ixtisasa aidiyyatı da olmur. İnsanların yüksək əmək haqqına gedib çatması üçün keşməkeşli yollardan keçirirlər. Ona görə də hər adam dövlət qulluqçusu kimi işləyə bilmir. Bu səbəbdən magistr, ən azı bakalavır təshili olmalıdır”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycanda boş iş yerlərinin siyahısını açıqlayıb. Təqdim edilən vakansiyalar üzrə əmək haqqı 500 manatdan 2000 manatadək dəyişir.