İstiqraz buraxılışı yolu ilə investorlardan milyonlarla dollar borc almış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 16 milyon 875 min manat xalis zərər ilə başa vurub. Halbuki, dövlət şirkəti ötən ilin eyni dövrünü 18 milyon 715 min manat xalis mənfəət ilə bağlamışdı.
Əsas əməliyyat gəlirinin (satış) azalması və digər əməliyyat xərclərinin artması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin zərərə keçməsinə səbəb olub.
Marja.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəlirləri 2023-cü ilin birinci yarısında 277 milyon 687 min manat ikən, 2024-cü ili birinci yarısında 202 milyon 51 min manata düşüb (75 milyon 636 min manat və ya 27,2% azalıb).
30 İyun 2024-cü il tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin cəmi aktivləri 1 milyard 814 milyon 987 min manat təşkil edib. Şirkət ötən ilin eyni tarixində 1 milyard 540 milyon 612 min manat cəmi aktivlərə malik idi.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nizamnamə kapitalının 100%-i dövlətə məxsusdur. 30 İyun 2024-cü il tarixində Şirkətin 7821 nəfər işçisi olub.