Azərbaycan və Yəmən mədəni əlaqələrin qurulması məsələlərini müzakirə ediblər

Azərbaycan və Yəmən mədəni əlaqələrin qurulması məsələlərini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 4-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Yəmən Respublikasının yeni təyin olunmuş səfiri Mohammed Saleh Əhməd Turiq ilə görüşüb.

Tribunainfo.az xəbər verir ki, Nazirlikdə nazir diplomatı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona işlərində uğurlar arzulayıb. Onun sözlərinə görə, Azərbaycan İslam dünyasının bir hissəsi olmaqla müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verir.

Bildirilib ki, mədəniyyət xalqlar arasında körpülərin qurulması üçün mühüm vasitədir. Azərbaycan və Yəmən arasında mədəni əməkdaşlığın qurulması üçün hüquqi baza yaradılmalıdır. Azərbaycan tərəfi bu istiqamətdə addımlar atmağa hazırdır.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Mohammed Saleh Əhməd Turiq ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şad olduğunu qeyd edib. O, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yaxşılaşdırılması üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda incəsənət sahəsində təhsili məsələlərinə toxunulub, kitabxana, muzey işi, mədəni irsin qorunması sahəsində təcrübənin mənimsənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.