Azərbaycan və Ermənistan arasında nəqliyyat yolları açılır

Azərbaycan və Ermənistan arasında nəqliyyat yolları açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan taxılının Ermənistana tranzit daşınmasına icazə verib. Qazaxıstan məhsulları Bakı-Aktau xətti vasitəsilə Azərbaycanın ərazisindən keçərək Ermənistana çatdırılacaq. Prezident İlham Əliyev bu qərarla sülhün təkcə kağız üzərində deyil, praktik müstəvidə reallaşdığını vurğulayıb.

Tribunainfo.az xəbər verir ki, bu fikrilərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu addıma görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib:

“Qarşılıqlı jest olaraq, Ermənistan Türkiyədən Azərbaycana gedən TIR-ların öz ərazisindən keçməsinə icazə verib. Bununla da iki ölkə arasında beynəlxalq nəqliyyat əlaqələrinin faktiki bərpası reallaşır.
Azərbaycanın bu qərarı regionda iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın güclənməsinə xidmət etməklə yanaşı, Ermənistan daxilində də mühüm siyasi nəticələr doğuracaq. Seçkilər ərəfəsində bu addım Paşinyanın mövqelərini möhkəmləndirə bilər.

Qeyd edim ki, Rusiya Ermənistan daxilində hakimiyyət dəyişikliyi üçün müxalifətə dəstək verməklə sülh prosesini pozmağa çalışır. Lakin Azərbaycanın bu diplomatik və iqtisadi addımı Moskvanın bölgədəki təsir imkanlarını ciddi şəkildə zəiflədə bilər”.

M.Əsədullazadə bildirib ki, Azərbaycan və Ermənistan arasında de-fakto sülhə nail olunduğunu söyləmək mümkündür:

“İki ölkənin qarşılıqlı şəkildə nəqliyyat blokadasını aradan qaldırması, regional iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yeni imkanlar açır”.

Gülşən Rəsul