ABŞ Prezidenti Donald Tramp vəzifəsinin ilk günündə ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb.
Azərbaycan da ÜST-dən çıxa bilərmi? Çıxsaq düzgün addım olarmı?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, əvvəla ABŞ-ın ÜST-dən çıxması onun Dünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətini iflicə gətirib çıxara bilər. İkincisi ABŞ-ın əslində bu qərarı bir növ ədalətli görünür. Çünki Tramp iqtisadçıdır. O, hesab edir ki, dünyanın başqa dövlətləri də Amerikanın öz imkanlarına uyğun şəkildə ÜST-ün xərclərini bölüşməlidir.
Ekspertin sözlərinə görə, Çinin daxili resursu az qala Amerika ilə eynidir. Amma Çin ora təxminən 39 milyon civarında pul köçürür. Amerika isə 500 milyon dollar köçürür.
“Bu əlbəttə ki, ədalətsiz bir yanaşmadır. Ümumiyyətlə Amerikanın bütün dünyaya donor olmaq kimi bir öhdəliyi yoxdur. Bu baxımdan da hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Nəzərə alsaq ki, bu infeksiyaların çoxu elə Çindən başlayır. Çinin ora yetərincə töhvəsi olmalıdır. ÜST-ün işi yenidən qurulmalıdır.
Trampın bir iradı da Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 pandemiyası zamanı ümumi məsələləri koordinasiya edə bilməməsi, bunun öhdəsindən vaxtında gələ bilməməsinə görə burada da haqlı məqamlar var. Yəni bu qədər maliyyənin qarşısında ÜST bu cür təxirəsalınmaz, fövqəladə situasiyaları qətiyyən bacarmadığı göz önündə oldu. Ən azı, bu təşkilat ayrı-ayrı ölkələr arasında əlaqəni vaxtında qura bilmədi. Nəticədə qlobal pandemiya yarandı. Və dünya iqtisadiyyatı iflic vəziyyətinə düşdü. Ona görə də hesab edirəm ki, ÜST-ün işi yenidən qurulmalıdır. Bu təşkilata peşəkarlar gətirilməlidir. Təşkilatın maliyyə mənbələri düzgün bölünməlidir. Tramp bu məsələdə haqlıdır. O ki, qaldı Azərbaycanın buradan çıxıb çıxmamasına, maliyyə baxımdan ölkəmizin orada elə bir rolu yoxdur. Ona görə də elə bir təsiri ola bilməz”.