Azərbaycan ürəyimin bir parçasıdır – İndoneziya səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya səfirliyinin iqamətgahında olduqca qəribə ab-hava var.  

İndoneziya səfirliyinin iqamətgahında olduqca qəribə ab-hava var. 

Bu xalqın müxtəlif döyüş alətlərindən tutmuş, minbir naxış vurulan körpə beşiyə qədər hər bir əşya insanı valeh edir.

Nağıllara bənzər mühitdə çox pozitiv insanlar yaşayır. Hüsnan Bəy Fənani bu məkanın ən pozitiv simalarından biri olduğunu söhbətimiz zamanı bir daha sübüt etdi.

– Cənab səfir, artıq xeyli müddətdir ki, ölkəmizdəsiniz və kifayət qədər geniş müşahidələr aparmaq fürsətiniz olub. Xalqlarımız arasında oxşar cəhətləri hansılardır? 

– Azərbaycan xalqı olduqca gülərüz və səmimi xalqdır. Azərbaycan isə Xəzər dənizinn mirvarisidir. Bu müddət ərzində Azərbaycana o dərəcədə bağlandm ki, qətiyyətlə Azərbaycanı ürəyimin bir parçası olduğunu vurğulaya bilərəm. Pakistanın Pencak İnstitutunu bitirmişəm, islami biliklər və siyasət üzrə təhsil aldıqdan sonra mağistr pilləsini Niderlanda əldə etmişəm. Bu baxımdan islam haqqında bilgilərimə əsaslanaraq, din qardaşlığımızdan bəhs edə bilərəm. Bizim qardaşlığımızı və islami baxışlarımızdakı eyniliyimizi mütləq qeyd etmək lazımdır. Zamanında Məhəmməd peyğəmbərin yaydığı islam dini də İndoneziyaya məhz Azərbaycandan gəlib. Məhəmməd peyğəmbərin davamçılarından biri Savab əl-Vakas islamı İndoneziyada elə peyğəmbərin yaşadığı dövrdə yayıb. Şeyx Mövlanə Malik İbrahim əs-Səmərqəndi Qafqazdan İndoneziyaya gələn məşhur şəxs olub ki, Özbəkistanda islam dininin yayılmasında böyük rolu olub. Seyid Yəhya Bakuvi də zamanının ən böyük alimlərindən birinin yazdığı “Dinin sirləri” kitabı məhz İndoneziyada saxlanılır.

Ən gözəçarpan tale oxşarlıqlarından biri isə uzun illər hər iki dövlətin işğal altında olmasıdır. Zamanında İordaniya Niderland tərəfindən işğal olunaraq, 350 il onun koloniyası olmuşdur. Azərbaycan isə Rusiyanın tərkibində olmuşdur, indi isə torpaqlarının 20 faizi Ermənistanın işğalına məruz qalıb.

– Bu yaxınlarda Azərbaycanda İndoneziya milli yeməklərinin təqdimatı keçirildi. Milli mətbəxlərimizdə necə, oxşarlıqlar varmı?

– Bəli, var. Sizin “dolma” adlandırdığınız xörək var ki, bizdə onun adı “lımbır”dır. Azərbaycan dolmasından fərqli olaraq, lımbır kələm və ya üzüm yarpağına deyil, palma yarpağına bükülür. Eləcə də dünyaca məşhur pencak plovumuz da sizin bişirdiyiniz plovun dadına yaxındır. Mən Azərbaycanda olduğum müddətdə bütün yeməklərin dadına baxdım və ölkənizin həqiqətən də əvəzolunmaz qidalarla zəngin olduğunun bir daha şahidlik etdim.

Ən çox sevdiyim yeməyiniz isə dolmadır. İndoneziya dünyada balıqçılıq ticarəti ilə geniş məşğul olduğundan, bizdə balıq xörəkləri daha geniş yayılıb. Onu da qeyd edim ki, bu yaxınlarda Xaçmaz rayonunda keçirilən şirniyyat festivalında iştirak edib, birincilik qazandıq və kubokla mükafatlandırıldıq.

– Əgər Bakıda İndoneziya mətbəxinin dadına baxmaq istəsək, hara üz tutaq?

– Təəssüf ki, Azərbaycanda İndoneziya yeməklərini təklif edən restoran fəaliyyət göstərmir. Əgər kimsə bu sahədə irəliləyiş etmək istəsə və sırf İndoneziya xörəklərindən ibarət restoran açmağa qərar versə, biz bu işdə o şəxsə hər cür dəstək olmağa hazırıq.

– Azərbaycan xalqını sevdiyinizi buir neçə dəfə dediniz. Oğlunuzun azərbaycanlı xanımla ailə qurmasına mane olmazsınız ki?!

– Mənim iki övladım var. Qızım İdoneziyada dini təhsil ocağında təhsil alır. Oğlum bu il Azərbaycan universitetlərindən birində təhsilini davam etdirəcək. Oğlum haqqında onu söyləyə bilərəm ki, mən İndoneziyaya döndükdə, onun da mənimlə geri qayıtmasını istərdim. Yox, əgər oğlum azərbaycanlı xanımı sevib onunla ailə qurarsa, mən buna qəti mane olmaram. Sevinərəm ki, gələcəkdə azərbaycanlı xanımdan övladımın gözəl uşaqları dünyaya gələcək. Ümumiyyətlə, onu qeyd edim ki, ailə qurmaq yalnız iki insanın izdivacı deyil, burada həmçinin ailələrin razılığı da nəzərə alınır, dini baxışlar da ölçülüb-biçilir. Əgər bir insan müsəlman dinindən hesab edilirsə, təbii ki, o, oda sitayiş edən bir kəslə izdivacda fikir ayrılığı ilə qarşılaşa bilər və onların nikahı bu baxımdan uyğun hesab edilməz. Azərbaycan isə müsəlman ölkəsidir və oğlumun burdan ailə qurmaq istəməsi normaldır.

– İndoneziya ən böyük müsəlman ölkəsidir. Başqa dinə inananlar da varmı ölkənizdə?

– İndoneziyada 6 din mövcuddur. İslam və buddizm daha geniş yayılıb.

– Cənab səfir, yeri gəlmişkən, çox maraqlı adınız var: Hüsnan bəy…

– Hüsnan adı peyğəmbər övladları olan Həsən və Hüseyn qardaşlarının adının birləşməsindən yaranıb, adımın mənası “yaxşı” anlamını daşıyır. Adın da insanın xasiyyətinə rolu böyük və danılmazdır.

– Səfir – ölkəsinin siyasi, mədəni, ictimai siması olmaqla bərabər, həm də işlədiyi ölkəyə öz dövlətinin münasibətini ifadə edir. Sizin simanızda İndoneziyanı Azərbaycanı sevən qardaş ölkə kimi görürük. Məncə, sizin uğurunuz da burdan başlayır…

– Dəyərinizə görə təşəkkür edirəm. Mənim Azərbaycan Resbublikasına səfir təyin olunmağımın əsas məqsədi məhz İndoneziya-Azərbaycan ictimai əlaqələrinin gücləndirilmməsidir ki, buraya iqtisadiyyat, sosial əlaqələr, mədəniyyət, təhsil və siyasət daxildir. Eyni zamanda, xalqlararası münasibətlərin genişlənməsi və yaxşılaşması uğrunda atdığımız addımlar da qənaətbəxş hesab oluna bilər. Bütün istiqamətdə olan əlaqələrimizin güclənməsini istərdim. Bununla bağlı universitetlərə səfərlərim olur, tələbələr qaşısında çıxış edirəm. Gün ərzində olduqca nüfuzlu qonaqları qəbul edir, bölgələrə səfər edir və İndoneziya mədəniyyəti və tarixi ilə bağlı təbliğat aparıram. Öz ölkəmin gözəl təbiəti və zəngin dənizindən bəhs edirəm. İndoneziyanın 270 milyon əhalisi vardır və ölkə özü 17 min 500 adadan ibarətdir. Mən ölkələrimiz arasında əməkdaşılığın güclənməsi üçün hər dəqiqə, hər an çalışıram və düşünürəm ki, gün ərzində daha çox azərbaycanlı ilə görüşmək üçün hansı tədbirləri həyata keçirim. Ticarət mərkəzlərinə, bazarlara gedir, tarixi yerlərə səfər etməklə yanaşı, Azərbaycan xalqı ilə sıx ünsiyətdə olmağa cəhd edirəm. Mən çalışıram ki, Azərbaycanın bütün gözəlliyini hiss edim və bu hissi özümlə birgə qayıdanda geri aparım.

– Azərbaycanda həmişəlik qalmaq istərdinizmi?

– Bütün istək və arzuları həyata keçirən Allahdır və yaşayışımız belə Yaradana bağlıdır. Təbii ki, İndoneziya üçün çox darıxıram, çünki valideynlərim, yaxınlarım, doğmalarım İndoneziyadadır. İndoneziya vətənimdir. Lakin İndoneziyaya geri döndükdə tez-tez Azərbaycana gələcəyimi düşünürəm. Azərbaycanın bütün gözəl güşələrində olmuşam: Xaçmaz, Quba, Şəki, Gəncə, Qəbələ…

– Bizə bir qədər də İndoneziyadan danışın…

– İndoneziya daha geniş və böyükdür. Bir adadan digərinə körpü ilə və ya məsafədən asılı olaraq, təyyarə və ya gəmi ilə də getmək mümkündür. Misal üçün, Sumatradan Yava adasına mütləq gəmi və ya təyyarə ilə çatmaq olar ki, digər avtonəqliyyat vasitələrindən istifadə edə bilməzsiniz. Ən böyük adalarımız Sumatra, Yava, Kalimantan, Sulavensin və Papua-Nyu Qvineyadır. İndoneziyada üç saat qurşağı mövcuddur. İndoneziya dünyada ən böyük dənizə sahibdir. 400-ə yaxın beynəlxalq hava limanı var. Saysız-hesabsız qızıl yataqları ilə zəngindir. İndoneziya ən çox balıq istehsal edən ölkədir. Malayziya, Vyetnam, Avstraliya kimi ölkələrlə qonşuluqda olduqca gözəl siyasi və sosial əlaqələri mövcuddur. İndoneziya iqtisadi inkişafına görə Çindən sonra ikinci yeri tutur. Onu da qeyd edim ki, İndoneziyada ucuzluqdur. Məsələn, sizin pulla 150-200 manata İndoneziyada bir ay rahat yaşamaq olar. Bizim ölkəmizdə viza sistemi də turist olaraq səfər edənlər üçün bir ay ərzində tam maneəsizdir.

– Milli idman növlərinizdən biri – “Pencak silat” Azərbaycanda da fəaliyyət göstərir.

– “Pencak silat” əsl İndoneziya idman növüdür və şərq əlbəyaxa döyüşləri hesab edilən karate, cüdo və sambo kimi, o da öz texnikalarına malikdir. Bu federasiyanın rəhbəri Abbas Hümbətovla tanışıq, onlara İndoneziya idman növünün Azərbaycanda yayılması üçün göstərdikləri xidmətdə yaxından dəstək veririk.

– Şəxsən bu idman növü ilə məşğulsunuzmu?

– Bəli. Biz İndoneziyada hələ körpə ikən, yeriməyə başladıqda artıq bu idman növünün sirlərinə yiyələnməyə başlayırıq. “Pencak silat” yalnız idman deyil, o, eyni zamanda, öz nəfsimizi necə idarə etməyi və həyatımızı necə qorumağı öyrədir. Hər bir işə səbirlə yanaşaraq, ruhumuzun idarəsinə yönəlmiş bir idmandır. Bu idman növü ilə məşğul olan şəxs tutduğu vəzifədən asılı olmayaraq, heç bir zaman təkəbbürlü olmur, sadə və insani keyfiyyətlər daşıyır, böyük-kiçik yerini bilir. Necə ki, ağac bar verdikdə başını aşağı əyir, eləcə də “Pencak silat”a malik kəs lovğalıqdan uzaq olur.

– Hazırda Azərbaycanda nə qədər İndoneziya vətəndaşı var və İndoneziyada nə qədər azərbaycanlı yaşayır?

– Biz hər il azərbaycanlı tələbələri İndoneziyaya təhsil almaq üçün yollayırıq. İndoneziyada azərbaycanlıların sayını bilmirəm, yalnız bilirəm ki, onların sayı burada yaşayan indoneziyalılardan daha çoxdur. Burada indoneziyalıların sayı 80-100 nəfərə çatır. İndoneziyada təhsil dövründə tələbələrə təqaüd proqramının təklifi azərbaycanlı tələbələrin İndoneziyanı seçməsinə şərait yaradır.

– Dağlıq Qarabağ münaqişəsində İndoneziyanın rəsmi mövqeyini bir daha səsləndirmənizi istərdik…

– İndoneziya müstəqil dövlətdir və onun Konstitusiyasında belə bir bənd var ki, ölkəmiz işğal olunan xalq tərəfindədir və hər bir işğal olunan xalqın hüquqları qorunmalıdır. Bu səbəbdən də İndoneziya dövlət olaraq bütün işğal olunan ölkələrin ərazi bütövlüyünü tanıyır. Misal üçün, Fələstin və İzrail məsələsinə diqqət yetirək. Bu gün də Yerusəlim məsələsi həll olunmamış hesab edilir, buna baxmayaraq, İndoneziya Fələstin xalqının tərəfindədir. Azərbaycanın da ərazisi – Qarabağ – işğal olunub, İndoneziya hər zaman Azərbaycan xalqını dəstəkləyir və bundan sonra da Azərbaycan xalqının yanında olacaq.

– Azərbaycan torpaqlarını işğaldan azad etməjk yolunu tutarsa, İndoneziyanın açıq dəstəyi hiss olunacaqmı?

– Biz öncə onu qeyd edirik ki, Ermənistan dövləti tərəfindən işğal olunan Qarabağ Azərbaycan Respublikasına aiddir və bu torpaqları Azərbaycandan heç bir ölkə ala bilməz. Əlbəttə, Azərbaycanın torpaqları işğal olunub və Azərbaycan xalqı ayağa qalxaraq, öz torpaqlarını azad etmək hüququna sahibdir. Azərbaycan xalqı öz torpağını azad etmək üçün ayağa qalxarsa, biz beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycan xalqının bu addımına hörmətlə yanaşarıq.