Azərbaycan Ukraynanın İrpen şəhərində dörd sosial obyektin tikintisi üzrə saziş layihəsi üzərində işləyir.
Bakupost.az xəbər verir ki, bu barədə “Ukrinform”a verdiyi müsahibədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev məlumat verib.
“Hazırda dörd sosial obyektin həyata keçirilməsi üçün zəruri sənədlərin razılaşdırılması yekun mərhələdədir. Bu obyektlər İrpen şəhərinin bəzəyi olacaq və yerli icmanın gənclərində yaradıcılıq və idman bacarıqlarını inkişaf etdirməyə kömək edəcək”, – deyə səfir bildirib.
O, həmçinin xatırladıb ki, İrpen şəhərindəki xəstəxana Azərbaycanın, xüsusilə də SOCAR dövlət neft şirkətinin köməyi ilə tamamilə bərpa edilib və modernləşdirilib.
Diplomatın sözlərinə görə, İrpendə sosial obyektlərin bərpası və tikintisinə Azərbaycan investisiyalarının cəlb olunmasında güclü Azərbaycan diasporu mühüm rol oynayır. Qusev qeyd edib ki, İrpen şəhəri ənənəvi olaraq Azərbaycanla bağlıdır:
“Burada akademik Zərifə Əliyevanın şərəfinə ucaldılmış abidə var, onun adını daşıyan lisey fəaliyyət göstərir və bu liseydə xarici dillər arasında Azərbaycan dili də tədris olunur.”