Uşaqların peyvənd vaxtı analara SMS-lə göndəriləcək.
Uşaqların peyvənd vaxtı analara SMS-lə göndəriləcək.
Publika.az xəbər verir ki, bu sözləri Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov icbari tibbi sığortanın gətirdiyi yeniliklərdən danışarkən deyib.
O bildirib ki, yaxın gələcəkdə uşaqların profilaktik vaksinasiyası haqqında da məlumatların valideynlərə bildirilməsi avtomatlaşdırılacaq: “Belə ki, xüsusi proqramın köməyi ilə valideynlərə övladlarının növbəti peyvənd tarixi barədə SMS vasitəsilə bildiriş göndəriləcək. Məqsəd uşaq əhalisinin profilaktik vaksinasiyasından yayınmasının və mümkün gecikmələrin qarşısını almaqla, əhalinin sağlamlığının qorunmasını təmin etməkdir”.
A.İsmayılovun sözlərinə görə, hazırda isə Laboratoriyada aparılan müayinələr avtomatlaşdığından müayinə nəticələrinin cavablandırılması üçün də daha az vaxt sərf olunur.
“Xəstələr öz müayinə nəticələrini xəstəxanaya gəlmədən belə, onlara verilmiş kod əsasında internet vasitəsi ilə əldə edə bilərlər. Eyni zamanda, Yevlax Mərkəzi Rayon Xəstəxanası nəzdində TTTY şöbəsi qurulmuş və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılıb. “Triaj” sistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır”.