Məşhur Rusiya münəccimi Pavel Qlobanın ardınca 2017-ci ildə Rusiya ərazisinin gələn il Azərbaycan torpaqları hesabına genişlənəcəyini “görən” bir şəxs də peyda olub.
Məşhur Rusiya münəccimi Pavel Qlobanın ardınca 2017-ci ildə Rusiya ərazisinin gələn il Azərbaycan torpaqları hesabına genişlənəcəyini “görən” bir şəxs də peyda olub.
Oxu.Az-ın xəbər verdiyi kimi, rumın mənşəli Rusiya öngörəni Yelena Yerli də Qloba kimi, 2017-ci ildə Rusiyanın Azərbaycan, Qazaxıstan və Belarusun ona birləşməsi hesabına möhkəmlənəcəyini bildirib.
Cadugər qadın (KİV-lər onu belə adlandırırlar) gələn ili siyasi və iqtisadi dəyişikliklər ili kimi görür. İfritənin (onu belə də adlandırırlar) fikrincə, böhran davam edəcək və çoxları üçün ağır və dönüş dövrü kimi görünəcək. Köməyə həmişəki kimi Rusiya prezidenti gəlib, böhrandan çıxış yollarını müəyyənləşdirəcək, lakin bəzi bölgələr əlverişsiz vəziyyətdə olacaq.
“Ölkənin şimal bölgələrinin, həmçinin uzaq şəhərlər və vilayətlərin vəziyyəti çətin olacaq. Ölkəni siyasi təlatümlər, həyəcanlar başına alacaq, amma paytaxta onlar gəlib çatmayacaq. Rumın cadugəri hesab edir ki, müharibə olmayacaq, amma bəzi bölgələrdə hərbi rejim tətbiq olunacaq”, – KİV-lər belə yazırlar.
Görünür, Rusiyada Yeni ili tez qeyd etməyə başlayanlar sırasına müxtəlif növ ekstrasenslər, münəccimlər, cadugərlər, ifritələr, küpəgirən qarıları da daxildir. Aydın məsələdir ki, 100 qramsız ötüşmək olmur. Amma məlum filmdə Şpakın dediyi kimi, “üstündən yemək də lazımdır”.
Sarsaqladığınızı başa düşürsünüzmü? Bir tərəfdən deyirsiniz ki, böhrana görə Rusiya parçalanacaq, sonra isə bildirirsiniz ki, Azərbaycan Rusiyanın tərkibinə girəcək. Böhrana görə parçalanacaq ölkəyə birləşmək Azərbaycanın nəyinə gərəkdir? Ən məşhur sovet kinokomediyası “Brilyant əl”in qəhrəmanının dediyi kimi, “yaxşısı budur siz bizə”…