Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 oktyabr 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Tribunainfo.az -a verilən məlumata görə, iclasda bir neçə istiqamətdə məsələlər müzakirə olunub.

İlk olaraq Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanuna əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün AQC tərəfindən əvvəllər dəfələrlə irəli sürüldüyü qeyd olunub və bildirilib ki, sözügedən qanuna dəyişikliklərin qəbulu zəruridir. AQC İdarə Heyətinin sədi Vüqar Orucun AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə verdiyi açıqlamada bildirilir ki, AQC rəhbərliyi bununla bağlı müvafiq komissiya yaradılması, əlavə və dəyişiklilkər barədə təkliflər isə isə şəffaf və ictimai müzakirəyə açıq şəkildə, bütün üzvlərin iştirakı ilə qəbul edilməsinin zəruriliyini vurğulayıb.

İclasda qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, qiymətləndirmə fəaliyyəti beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı və 9 istiqamət birləşdirilərək 3 fəaliyyət ilə məhdudlaşdırılmalıdır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rəqabət Məcəlləsinə, şəffaflığa və ədalət prinsiplərinə uyğun olaraq qiymətləndirmə sektorunun tənzimlənməsində Qazaxıstan modelinə üstünlük verilməsini təklif edir. Belə ki, bu modeldə tənzimləmə həm müvafiq dövlət qurumları, həm də tənzimləyici təşkilatlar tərəfindən həyata keçirilir. Tənzimləyici təşkilatlar dedikdə, hər hansı bir qurum deyil, qiymətləndiricilərin qanun çərçivəsində fəaliyyət göstərən birlikləri nəzərdə tutulur. Qazaxıstanda mövcud olan 4 palata var ki, burada hər bir palatada minimum 30 şirkət və ya qiymətləndirmə mütəxəssisi könüllü şəkildə birləşərək qiymətləndirmə fəaliyyətini həyata keçirə bilir. Bu sektorda tək hakimiyyətliliyin qarşısının alınması və rəqabət mühitinin formalaşması üçün vacib məqamdır.

Daha sonra qiymətləndiricilərin peşə bayramı təşəbbüsü ilə bağlı çıxışlar səsləndirilib. 2023-cü il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun imzaladığı həmin tarix qiymətləndiricilərin peşə bayramı kimi qeyd olunması barədə müvafiq qurumlara təklif göndərilməsi qərara alınıb.

Eyni zamanda, AQC-nə qarşı edilən təxribatlarla bağlı müzakirələr aparılıb və idarə heyətinin üzvləri yekdilliklə bildiriblər ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bütün bu cəhdlərə baxmayaraq ədalətli, rəqabətə əsaslanan və assosiativ fəaliyyətini davam etdirəcək. Bu istiqamətdə atılan addımlar AQC-ni hədəflərindən döndərə bilməyəcək.

AQC-yə qarşı təxribatlarla bağlı dövlət və hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə qərar qəbul olunub.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti “İqtisadiyyat və Qiymətləndirmə” adlı elmi jurnalın təsis edilməsi barədə qərar qəbul edib. Bu jurnal ölkədə iqtisadi müzakirələrin və debatların aparılmasına, qiymətləndirmə sahəsinin inkişafına, eləcə də Azərbaycanın iqtisadi problemlərinin və onların həlli yollarının elmi şəkildə təhlilinə xidmət edəcək.

Bütün bunların fonunda, Azərbaycan ərazisində qüvvədə olan qiymətləndirmə standartları barədə aparılan müzakirələrdə AQC İdarə Heyətində müvafiq qərarların qəbul edilməsi ilə bağlı yekdil fikir formalaşıb.

Toplantının sonunda qiymətləndirmə kurslarının təşkili ilə bağlı pandemiyadan sonrakı dövr nəzərə alınaraq, kursların “online” qaydada təşkilinin vacibliyi vurğulanıb.

İclasın sonunda AQC rəhbərliyi tərəfindən Mərkəzi Bank, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə görüşlərin təşkili və qiymətləndiricilərin problemləri ilə bağlı müzakirələrin aparılması üçün müraciət edilməsi qərara alınıb.