Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Türkiyə bankı ilə əməkdaşlıq edəcək
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) Türkiyə Sənaye İnkişaf Bankının (Türkiye Sınai Kalkınma Bankası) nümayəndələri ilə görüş keçirilib.
Tribunainfo.az xəbər verir ki, görüşdə AQC sədri Vüqar Oruc, AQC sədrinin birinci müavini Fərid Rüstəmov, AQC Bank Ekspert Şurasının sədr müavinləri Ruslan Quliyev və Samir Nəsibov, Türkiyə Sənaye İnkişaf Bankının daşınmaz əmlak qiymətləndirilməsi üzrə baş meneceri Makbule Yönel Maya, daşınmaz əmlak qiymətləndirilməsi üzrə baş menecerin köməkçisi Ozan Kolcuoğlu, daşınmaz əmlak qiymətləndirilməsi üzrə meneceri Doğuşcan İğde iştirak edib.
Görüş çərçivəsində Türkiyə bankının nümayəndərləri AQC-nin fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndirib. AQC sədri Vüqar Oruc son illər ölkəmizdə qiymətləndirmə sahəsində həyata keçirilən yeniliklər, xüsusən də “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbulu və Qiymətləndiricilər Palatasının yaradılması barədə qonaqlara məlumat verib. O, atılan addımlar sırasında Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılmasını da xüsusi vurğulayıb. Qardaş ölkədən gələn nümayəndələr də təmsil etdikləri qurumla bağlı məlumatları AQC rəhbərliyi ilə bölüşüb. İki qurum arasında Azərbaycanda qiymətləndirmə sektorunun inkişafı ilə bağlı layihələrdə birgə əməkdaşlıq qərara alınıb, eyni zamanda ümumi qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi istiqamətində razılıq əldə edilib.