Azərbaycan NATO-ya üzv olacaq? — Politoloq ŞƏRHİ

Azərbaycan NATO-ya üzv olacaq? — Politoloq ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və NATO-nun hərbi təhsil üzrə nümayəndələri görüşüb. Mediada NATO ilə bağlı tez-tez görüşlər müşahidə edirik. Gələcəkdə ölkəmizin NATO-ya üzv olma ehtimalı varmı? Rusiyanın mövqeyi bu kontekstdə necə olar?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, hər hansı bir təşkilat və ya hərbi blokda təmsil olunub olunmamaq qərarını Azərbaycan özü müəyyənləşdirir.

Ə. Zülfüqaroğlunun sözlərinə görə, Azərbaycan müstəqil siyasət yürüdür və öz maraqları kontekstində çıxış edir. Ona görə də hesab edirəm ki, Azərbaycan NATO-da olub-olmamasında, sadəcə öz maraqları kontekstində dəyərləndirə bilər.

Hazırki geosiyasi vəziyyətə toxunan politoloq deyib:

“Beynəlxalq təşkilatlar getdikcə funksionallığını itirir. Eyni zamanda hərbi bloklarda çatlar yaranır. Bundan sonrakı dönəm üçün vəziyyətin necə olacağını, istər beynəlxalq təşkilatlarda, istərsə də hərbi blokların hansı aqibəti yaşayacağı dövlətlər üçün qeyri müəyyən olaraq qalır. Ona görə də hər hansısa bir dövlətin hansısa beynəlxalq təşkilatlara və hərbi bloklara üzv olmağa tələsəcəyini düşünmürəm”.

NATO ilə bağlı vəziyyəti dəyərləndirən siyasətçi qeyd edib:

“Hazırda, NATO-nun əsas gücü olan ABŞ ilə digər NATO dövlətlərinin təmsil olunduğu Aİ arasında çox ciddi ziddiyyətlər var. ABŞ hətta, NATO-nun düşməni olan Rusiya ilə olan münasibətlərini normallaşdırmağa çalışır. Xüsusilə də Ukrayna məsələsi ilə bağlı ABŞ nəinki Rusiya üzərində, daha çox Aİ üzərində təzyiqlərini artırır. Təbii ki, belə olan vəziyyətdə NATO-nun gəıəcəyi ilə bağlı qeyri-müəyyən bir durum var”.

Azərbaycanın daha önəmli təşkilatlara üzv olmağından bəhs edən ekspert vurğulayıb:

“Azərbaycan Türk Dövlətləri Təşkilatında önəmli dövlətlərdən biri və Türk dünyasının mərkəzi ölkəsidir. Və Azərbaycan Türk dünyasının birliyi iqtisadi, siyasi əlaqələrin qurulması, hərbi əməkdaşlığın perspektivləri ilə bağlı çox ciddi addımlar atıb və təşəbbüslər irəli sürüb. Və bu təşəbbüslər Türk dünyası tərəfindən qəbul edilir, daha sonra bunun praktiki mexanizmləri hazırlanır. Azərbaycanın bu yöndə üzərində götürdüyü missiya təqdirəlayiqdir, tarixi nəticələrə səbəb olacaq səviyyədə dəyərləndirilir. Təbii ki, belə olan halda Azərbaycanın daha çox Türk dövlətləri ilə birgə hərbi blokun meydana gəlməsi istiqamətində perspektivlər yarana bilər. Artıq bir sıra mədəni, siyasi, iqtisadi potensialı və göstərilən səyləri nəzərə alsaq, hərbi əməkdaşlıq perspektivlərin də yarandığını söyləyə bilərik. Bu da gələcəkdə hərbi blokun yaranması prosesinə gətirib çıxara bilər. Azərbaycan və Türkiyə arasında müdafiə sənayesində ciddi əməkdaşlıq var. Hesab edirəm ki, istər Türkiyə, istərsə də, Azərbaycanın türk dünyası ilə bağlı lokomotiv ölkə olduğunu nəzərə alsaq, o zaman hərbi blokun yaranması istiqamətində təməllərin atıla biləcəyini proqnozlaşdırmaq mümkündür”.

Dəniz Pənahova