Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir matç baş tutacaq.
TİA.AZ xəbər verir ki, “Neftçi” səfərdə “Sabah”ın qonağı olacaq. Saat 16.00-da Masazırdakı “bank Respublika Arena”da keçiriləcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Komandalar arasında “Bakcell Arena”da baş tutan ilk görüşdə qalib müəyyənləşməyib – 1:1. Səfər qolu qaydası ləğv olunduğundan, iki oyunun nəticəsinə əsasən bu görüşdə də eynihesablı nəticə olarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”
1/4 finalın son 2 matçı sabah baş tutacaq. “Qəbələ” evdə “Sumqayıt”ı, “Səbail” isə “Zirə”ni qəbul edəcək. “Sabah” – “Neftçi” cütünün qalibi yarımfinalda “Səbail” – “Zirə” matçının güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı artıq müəyyənləşib. Dünən səfərdə “Keşlə”ni 6:0 hesabı ilə darmadağın edən “Qarabağ” yarımfinala vəsiqə qazanıb. Ağdam təmsilçisi növbəti mərhələdə “Qəbələ” – “Sumqayıt” cütünün ən yaxşısı ilə qarşılaşacaq.