Ermənistanda Azərbaycan məhsulu olan almaların idxalına görə baş verən qalmaqal davam edir.
Ermənistanda Azərbaycan məhsulu olan almaların idxalına görə baş verən qalmaqal davam edir.
Publika.az xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Vardan Artünyan Azərbaycan almalarına görə vergi və gömrük işçilərinin də günahkar olduğunu açıqlayıb.
“Azərbaycan almaları məsələsində biz günahkarları aşkar etdik. Lakin bu məsələdə bizim də günahımız var. Məmurların günahı rüşvət alaraq, bu almaları ölkəyə buraxmasıdır. Konkret həbslər var, lakin bu, gömrükdəki rüşvətxorları məsuliyyətdən azad etmir. Biz onları tapıb istintaqa vermişik. Amma detalları açıqlaya bilmərəm”, – deyə o bildirib.
***
Azərbaycan almalarının idxalına görə Ermənistanda 4 nəfər həbs edilib.
Bu barədə Ermənistanın baş prokurorluğu və xüsusi istintaq idarəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycan almalarının Ermənistana İrəvan sakinləri A.E və A.F, həmçinin, Tavuş rayonunun sakinləri A.X və Q.T aparıb. Onlar Baqrateşen gömrüyünün əməkdaşlarının səhlənkarlığı nəticəsində məhsulu Ermənistana keçirə biliblər.
İstintaq bu şəxslərin böyük ölçüdə vergidən yayındığını da müəyyənləşdirib. Təxminən 7341312 dram (15,1 min dollar) rüsum ödənilməyib. Azərbaycan almalarını idxal edən şəxslərin qanunsuz sahibkarlıqla məşğul olduğu da iddia edilir. Lakin maraqlıdır ki, bu şəxslərin 2016-2017-ci illər ərzində ölkəyə kənd təsərrüfatı məhsullarını idxal etmək icazəsi olub, həmçinin, onlar “Malatiyan” kənd təsərrüfatı bazarında satım həyata keçirirmişlər.
İstintaq idarəsinin məlumatında qeyd olunur ki, bu şəxslər Azərbaycan almalarını gətirmək üçün hiyləyə əl atıblar. Belə ki, almaları 50 kiloqram çəkisində hissələrə bölərək, başqa-başqa şəxslərin avtomobilində keçiriblər. Qanun 50 kiloqrama qədər məhsulu gömrükdən keçirməyə icazə verir.
Qeyd edək ki, aprelin 26-da Azərbaycanın “DAD” firmasının istehsalı olan almaların İrəvan yarmarkalarında satıldığı ortaya çıxıb. Bu məsələ bütün Ermənistanda ciddi qalmaqala səbəb olub. Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti Azərbaycan məhsulu olan almaların hamısını toplayaraq, məhv etdi. Bu addım müəyyən etirazlara da səbəb oldu.
“Ermənistanda uşaqlar var ki, onlar ömürləri boyu nadir hallarda alma yeyirlər. Çünki valideynlərinin bunu almağa imkanı yoxdur. Misal üçün, Gümrüdə yarımtikililərdə yaşayan ailələrin uşaqlarının böyük ehtiyacı var. Bəs nə üçün bu almalar ehtiyacı olanlara verilmədi? Halbuki, onların sayı on minlərlə, bəlkə də daha çoxdur”, – deyə erməni jurnalist Tavos Artakyan yazdı.
Jurnalist İrəvan bazarlarında Azərbaycan almalarının hələ də gizli şəkildə satıldığını da qeyd etdi. Buna səbəb kimi o, Azərbaycan almalarına tələbatın çox olduğunu göstərdi.
“DAD” firmasının direktoru Rasim Pirimov isə açıqlamasında bildirdi ki, firma Ermənistana məhsul ixrac etmir: “Bu xəbər barədə məlumatım var. Bizim məhsullar Gürcüstana idxal olunub. Ola bilər ki, Ermənistana da məhsul oradan idxal edilib”.