Azərbaycan İnvestisiya Şirkəti 2021-2022-ci illər üzrə riskli və səriştəsiz yatırımlar edib. Yatırım etdiyi şirkətlər sırasında cəmi bir şirkət dividend ödəyib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə Hesablama Palatasının AİŞ-nin fəaliyyətinə dair açıqladığı audit qiymətləndirməsində bildirilib.
Şirkətin rəsmi səhifəsində göstərilib ki, AİŞ-nin prioritet vəzifələri Azərbaycanda həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq, birbaşa investisiyalar, istedad və texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq, qeyri-neft sektorunun inkişafına töhfə vermək, iqtisadiyyatının inkişafına, habelə iqtisadi diversifikasiya və idxal əvəzləyici proseslərə dəstək verməkdir.
Hesablama Palatası isə açıqlayıb ki, AİŞ bütün bunları nəzərə almayıb və əsas istiqamətini asan gəlir yeri kimi qiymətli kağızlara yönəldib:
“AİŞ-nin idarə olunan aktivlərinin böyük hissəsini dövlət və korporativ istiqrazlar təşkil edib, auditlə əhatə olunan dövrdəki gəlirlərinin əsas hissəsi bu qiymətli kağızlar üzrə ödənilmiş faizlər hesabına formalaşıb. Belə ki, auditlə əhatə olunan dövrün sonuna AlŞ-in idarə olunan aktivlərinin 60,1%-ni onun istiqraz portfeli təşkil edib, ümumiyyətlə, AİŞ-in 2021-ci ildə əldə etdiyi gəlirlərin 69,4%-ni, 2022-ci ildə isə 83,2%-ni istiqrazlardan gəlirləri təşkil edib”.
Palata həmçinin əlavə edib ki, AİŞ “Bakı Gəmiqayırma Zavodu” MMC-yə və ona məxsus qiymətli kağızlara nizamnamə kapitalının 64,8%-i həcmində investisiya edib. Bu da portfelin böyük hissəsinin bir aktivə yatırılması ilə bağlı konsentrasiya riski yaratmaqdadır.
Aşkar edilən nöqsanlar bununla da yekunlaşmır. 2022-ci ildə “Azərbaycan Biznesin İnkişafı Fondu”nun yaradılması təmin edilmədiyindən onun üçün nizamnamə kapitalı kimi nəzərdə tutulmuş 43 milyon manat AİŞ-nin nizamnamə kapitalına yönəldilib. AİŞ isə bir gün sonra həmin vəsaitin 46,5%-ni dövlət qiymətli kağızlarına yatırıb.