2005-ci ildən Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına başlanılıb.
2005-ci ildən Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına başlanılıb.
Artıq 2017-ci ildir və hazırda onun yalnız 7-ci cildinin hazırlıqları yekunlaşmaq üzrədir. 12 ildə cəmi 7 kitabın hazırlanması prosesin ləng aparılması təəssüratı yaradır. Biz isə bu ləngimənin səbəblərini və hazırda işlərin hansı mərhələdə olmasını öyrənməyə çalışdıq.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Afiq Sultanov Publika.az-a bildirdi ki, işin əhatə dairəsi böyük olduğundan və hər bir məlumat bir neçə mənbədən dəqiqləşdirildiyindən proses uzana bilir: “Artıq 7-ci cildi üzərində tamamlama işləri aparırıq, yalnız dizayn işləri – şəkillər, illüstrasiyaların yerləşdirilməsi qalıb. Eyni zamanda 8-ci cild üzərində də iş aparırıq, ilkin materiallar hazırlanıb, bir hissəsi oxunub. İşlərə 2005-ci ildən başlamışıq. Bir cild 600 səhifədən ibarətdir. Bu, adi kitabla 1500 səhifə edir. Hər səhifədə 3-4 elm, təsərrüfat sahəsindən bəhs edilir. Üstəlik, hər məlumatı bura sala bilmərik. Dəqiq, yoxlanılmış məlumat olmalıdır. Tələsmək, haradan gəldi məlumatı götürüb vermək düzgün deyil, hər bir məlumat dəfələrlə yoxlanılır, redaktorlardan sonra sahə elmi nəzarət redaktorları yoxlayır, direktorla məsləhətləşmədən sonra çapa verilir. Ləngimələrin səbəbi bununla bağlıdır. Lakin çalışırıq ki, hər il bir cild hazırlayaq.
Məsələn, hazırda üzərində işlədiyimiz “E” hərfində Ermənistanla bağlı məlumatlar verməliyik. Burada məlumatlar onların iddia etdiyi kimi şişirdilmiş olmamalı, faktlar obyektiv formada təqdim edilməlidir. Bu tip mövzular hazırlayarkən müəyyən çətinliklər yaşayırıq. Ensiklopediya hazırlanarkən Britaniya, Rusiya kimi ölkələrin adıçəkilən kitablarından, bəzən isə internet məlumatlarından da yararlanırıq. İnternet məlumatları isə bir neçə mənbədən dəqiqləşdirildikdən sonra kitaba salınır”.
Çap olunmuş cildlərin satışına gəldikdə, A.Sultanov bunun hələ ki, bir ünvanda təşkil edildiyini dedi: “Satış yalnız bizim Elmi Mərkəzin binasında yerləşən kitab mağazasında həyata keçirilir. Ona görə də nisbətən az satılır. Satışın bir neçə yerdə olmasını biz də istəyirik, lakin kitab mağazalarının sayı azdır. Həm də satışın təşkili bizdən asılı deyil. Hər cilddən 25 min ədəd kitab kitabxana,10 mini isə satış üçün nəzərdə tutulur. Həmin 25 min kitab bütün kitabxana, mədəni mərkəzlərə pulsuz paylanır. Pulsuz variantın əlçatana olması, alıcılıq qabiliyyətinə təsir etsə də, kitaba maraq yüksəkdir”.
Direktor müavini hazırda ensiklopediyanın satış qiymətinin artdığı da deyir: “Əvvəl bir cildin qiyməti 30 manat idi. Ensiklopediyalar Almaniyada çap olunduğundan, devalvasiyadan sonra qiymət dəyişib. Bildiyim qədərilə qiymət artıb, dəqiq bilmirəm, amma 40 manat civarında olmalıdır”.
Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyası 20 cilddə nəşr olunacaq.