“Azərbaycan ən az vəkili olan ölkədir”

“Azərbaycan ən az vəkili olan ölkədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu əlbəttə acınacaqlı vəziyyətdir, çünki peşəkar hüquqi yardımın alınması üçün peşəkar hüquq müdafiəçilərinin sayı çox olmalıdır”
Bu gün Azərbaycanda 30 iyul vəkillərin peşə bayramı kimi qeyd olunur. 1919-cu il 30 iyul tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılması tarixini əsas götürərək həmin tarix vəkillərin peşə bayramı kimi qeyd olunur.
Hüquqşunas Ələsgər Məmmədli Moderator.az-a açıqlamasında bildirdi ki, bu gün Azərbaycanda peşəkar vəkillərin sayı kifayət qədər deyil:
“Cümhuriyyət dövründə Azərbaycan vəkillərinin yaradılmasının bünövrəsi 30 iyula təsadüf etdiyi üçün həmin gün vəkillərin peşə bayramı kimi qeyd olunur. Azərbaycanda vəkillərlə bağlı məsələni qiymətləndirməyə gəlincə düşünürəm ki, təəssüf ki, ölkəmizdə müstəqillik dövründə geridə qalan iyirmi yeddi il ərzində müstəqil vəkillik təxminən 1999-cu ilə qədər inkişaf etməyə çalışdı. Düzdü, burda əsasən lisenziyalı hüquqşunasların sayəsində kifayət qədər olmasa da, xeyli canlanma hiss olunurdu. Amma Azərbaycanda vəkillik fəaliyyəti haqqında qanun qəbul edilərək yeni sistemə keçdikdən sonra Azərbaycan vəkillərinin problemləri artdı. Hal hazırda istər qırx yeddi Avropa ölkəsində, istərsə də demokratik dünya içərisində ən az vəkili olan ölkə Azərbaycandır. Hal hazırda vəkillərinin sayı min nəfərə çatmır.
Halbuki Azərbaycanda on milyon insan var. Bu hər on min nəfərə bir vəkil deməkdir. Amma vəkillərin çoxu Bakıda olduğu üçün bəzi regionlarımızda iyirmi otuz min  nəfərə bir vəkil belə düşmür. Bu əlbəttə acınacaqlı vəziyyətdir, çünki peşəkar hüquqi yardımın alınması üçün peşəkar hüquq müdafiəçilərinin sayı çox olmalıdır. İkincisi vəkilin sayı hər şey demək deyil, vəkillər aydın şəkildə qorunma və müstəqil şəkildə fəaliyyət göstərə bilməlidirlər. Azərbaycanda vəkillik bir peşə olaraq təəssüf ki, kontrolda olan bir peşədir.
Fərqi yoxdur dünən də, bu gün də Vəkillər Kollegiyası sadəcə Ədliyyə Nazirliyinin müəyyən etdiyi çərçivələr içərisində fəaliyyət göstərir və bu da vəkilliyin ciddi problemlərlə üzləşməsinin bariz nümunəsidir. Müstəqil vəkillər öz həmkarları tərəfindən kollegiyadan kənara atıla bilir, yaxud da fəaliyyəti dondurulur. Bu gün hüquqi azadıqları qoruduğu, öz müvəkkilərinin  problemlərini mediaya açıqladığı üçün bir çox vəkillərin fəaliyyəti dondurulub və ümumiyyətlə vəkillikdən çıxarılıb. Həmin şəxslər vəkilliyin inkişafına töhvə vermiş şəxslərdirlər. Beləliklə də Azərbaycan vəkillərinin ən böyük problemlərindən biri vəkillər institutunun müstəqilliyi problemidir”.