“Azərbaycan əhalisi pulu ən çox ərzağa xərcləyir” – İqtisadçı inflyasiyanın artmasından DANIŞDI
Dövlət Statistika Komitəsi 2024-cü ilin avqust ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin avqust ayına nisbətən3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.
2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz yüksəlib.
2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 2,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,3 faiz artıb. 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz yüksəlib.
2024-cü ilin avqust ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1 faiz artıb.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.
İstehlak bazarında qiymətlərin artması inflyasiyaya və ailə büdcəmizə təsirləri müzakirə mövzusudur.
Mövzu ilə bağlı Referans.az-a danışan iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda inflyasiya rəqəmlərinin hesablama qaydaları ilə bağlı illərlədir ki, iradlarını bildirir. Çünki ölkənin istehlak zənbilində 500 addan çox adda məhsul və xidmət var ki, inflyasiya bunlara görə hesablanır:
“Bu məncə doğru yanaşma deyil. Dünyanın bir çox ölklərində 30- 35 adda ən çox istehlak olunan məhsulların inflyasiyası ayrıca hesablanır. Azərbaycan vətəndaşını makaronun qiymətinin artması daha çox maraqlandırır, nəinki avakadonun. Amma, istehlak zənbilində hamısı cəmlənir, sonradan ümumi bir rəqəm çıxarılır ki, bu doğru deyil. Digər məsələ bundan ibarətdir ki, hğkümətin özünün verdiyi qərarlara görə, inflyasiya qiymətləndirilir. 2 ay bundan öncə Azərbaycanda dizel yanacağının qiyməti birdən – birə 25 faiz artdı. Dizel yanacağı kənd təsərrüfatı məhsullarının əkilməsində, biçilməsində, daşınmasında, istehsalında çox mühüm rol oynayır və maya dəyərinin az qala 40 faizini məhz yanacaq xərcləri təşkil edir. Bu daşınmaya da təsir edir. Digər ərzaq məhsullarının ölkəyə gətirilməsi, ölkə daxilində paylanılması, mağazalara çatdırılması dizel yanacağına görə həll edilir”.
Ekspert deyir ki, sözügedən yanacağın qiymətinin birdən – birə 25 faiz artması ölkədəki ərzaq məhsullarının satış qiymətlərinə də öz təsirini göstərir. Ərzaq məhsullarının qiyməti artdıqca, inflyasiya yüksəlir, əhalinin dolanışığına, onların gəlirinə, xərclərinə mənfi təsir göstərir: “Hətta, Azərbaycanda rəsmi rəqəmlərə görə vətəndaşlarımızın xərclədiyi hər 10 manatın 51 faizi ərzaq məhsullarının payına düşür. Bu çox yüksək göstəricidir. İnkişaf etmiş ölkələrdə bu göstərici 10 – 20 faiz arası dəyişir. Bu onu göstərir ki, insanlarımız ay ərzində xərclədiyi vəsaitin çoxunu ərzağa xərcləmək məcbiriyyətindədir”.