Tanınmış yazıçı, şair, publisist Fikrət Sadıq vəfat edib.
Tanınmış yazıçı, şair, publisist Fikrət Sadıq vəfat edib.
Trend-in məlumatına görə, F.Sadıq 86 yaşında dünyasını dəyişib.
Şair, publisist, ssenari müəllifi, kino redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1963), Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990) Sadıqov Fikrət Abbas oğlu 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləyib (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışıb. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirib. Sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1956-1961).
Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub (1961-1975).
Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak edib. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olub (1980).
Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilib. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə (1986) təltif olunub. Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib (1975-ci ildən). Prezident təqaüdçüsü olub.
16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat edib.
Fikrət Sadıq yazıçı-ssenarist Orxan Fikrətoğlunun atasıdır.
Allah rəhmət eləsin!