Samux Rayon Məhkəməsində vəzifə saxtakarlığında təqsirləndirilən Cəmil Cəmilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gündüz Şirinovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə aylıq qazancından 20 faiz məbləğində pul tutularaq o, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, Cəmil Cəmilov “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi sahəsinin magistral üzrə teplavoz maşinist vəzifəsində işləyib. O, Ağstafa – Qazax – Ağstafa, Qazax – Ağstafa – Qazax, Gəncə – Böyük – Kəsik istiqamətləri üzrə 2021-ci ilin avqust ayından 2023-cü ilin fevral ayınadək olan dövrdə, lokomotivlərin hərəkətinin təmin edilməsi üçün QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talayıb. Cəmil bu məqsədlə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək, Gəncə şəhəri və Ağstafa rayonu ərazisində müxtəlif şəxslərə satılıb gəlir əldə edib. O, bu yolla 6359,26 manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talayıb.
İstintaq dövründə Cəmil Cəmilovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.