Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Virtualaz.org bildirir ki, ilk hissəyə daha fəal başlayan Belarus millisi komandamızın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Ancaq oyunun gedişində hər iki komanda bərabər mübarizə aparsa da, görüşün 42-ci dəqiqəsində millimizin futbolçusu Maksim Medvedev avtoqolla yadda qalıb.
Matçın ikinci hissəsində qapılara qol vurulmayıb. Beləliklə, görüş Belarus yığmasının minimal üstünlüyü ilə başa çatıb – 1:0.
Qeyd edək ki, bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun millinin “sükanı arxası”nda ikinci matçı olub. Yeri gəlmişkən, debüt görüşündə Moldova ilə qarşılaşan Q.Qurbanov qolsuz bərabərliyə razılaşmışdı.
Onu da qeyd edək ki, komandamız 4 gün sonra Antalyada Makedoniya ilə qarşılaşacaq.