backend

Azay Quliyev Sülh Platforması ilə bağlı çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev “Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı çıxış edib.  

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev “Ermənistan-Azərbaycan Sülh Platforması” ilə bağlı çıxış edib.


TİA.AZ çıxışın tam mətnini təqdim edir.

“Bu haqda ictimaiyyəti, o cümlədən Milli Məclisi məlumatlandırmağa və Millət vəkillərini bu prosesə qoşmağa ehtiyac var.

Platforma necə yarandı? 

Təmas xəttində aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status kvonu dəyişdi.

1) Azərbaycanın işğal olunmuş torpaqlarını bir hissəsi azad edildi.
2) Atəşkəsin çox kövrək və müvəqqəti xarakter daşıdığı, Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad edə biləcəyinin tam real olduğunu hamı, xüsusilə erməni xalqı anladı. Belə bir şəraitdə hər iki ölkə prezidentinin Vyana və Sankt-Peterburq görüşü oldu və hər kəsdə problemin həllinə az da olsa ümid yaratdı. Lakin Sarkisyanın günahı və sülh istəməməsinə görə danışıqlar heç bir nəticə vermədi.

Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək, münaqişənin həlli yollarını birgə müzakirə etməyi təklif etdilər və münaqişinin tarixində ilk dəfə olaraq 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirildi. Ermənistandan olan nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib və qurbanların ruhuna hörmət olaraq abidənin qarşısında baş əyib, çiçək qoydular. Sarkisyan rejimi tərəfindən insanlıq əleyhinə törədilən bu cinayətə görə Azərbaycan xalqından və bütün xocalılardan üzr istədilər. Konfrans iştirakçıları Ermənistan və Azərbaycan prezidentləri və xalqlarına müraciət qəbul etdilər. Müraciətdə 25 il davam edən münaqişənin törətdiyi fəlakət və faciələr qeyd olundu və hər iki xalqın bu münaqəşədən yorulduğu və onun qısa müddətdə həllinin vacibliyi qeyd edildi. Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri özlərində güc tapıb Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa etdilər. Sonra konfrans iştirakçıları fəaliyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülh yaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını təsis etdilər.

Platforma münaqişənin həlli yollarını necə müəyyən edib? 

Platforma münaqişənin həlli yollarını və Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq çərçivəsini müəyyən edib. Erməni və Azərbaycan hüquq müdafiəçiləri və QHT rəhbərləri işğalın davam etməsinin perspektivsizliyini və bölgə üçün ciddi təhlükə mənbəyi olduğunu dərk edərək münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinə müraciət ediblər.

Müraciətdə uzun müddətli sülhün və barışın təminatı kimi Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi, bütün məcburi köçkünlərin öz evlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında əlaqələrin bərpası, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi və orada yaşayan ermənilərin və geri dönəcək azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsinin mümkün olduğu qeyd edilir.

Platformada kimlər var? 

Ermənistandan 3 QHT və hüquq müdafiəçisi, Azərbaycandan 3 QHT platformanın təsisçiləridir. Platformanı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb. Platformaya qoşulmaq istəyənlərin sayı günü-gündən artır.

Erməni tərəfi niyə Platformaya bu qədər çox maraq göstərir? 

1-ci ona görə ki, əksər erməni xalqı artıq başa düşür ki, Koçaryan-Sarkisyan cütlüyü tərəfindən ciddi şəkildə aldanılıblar. Çünki Dağlıq Qarabağ münaqişəsi fonunda hakimiyyəti zəbt edən bu cütlük verdikləri vədin heç birinə, yəni qondarma DQR”in dünya tərəfindən tanınacağı, bu mübarizənin erməni xalqına xoşbəxtlik və rifah gətirəcəyi haqda söylədikləri özünü doğrultmadı. Tam əksinə, “DQR” onlara göz yaşı, övlad, qardaş və ata itgisi, yoxsulluq və facidən başqa heç nə vermədi. Ermənilər özgənin torpaqlarında xöşbəxt ola bilməyəcəklərini anladıqlarından və bu torpaqların sahibinə qaytarılmasının ilk onların özlərinin xeyrinə olacağını başa düşdüklərindən bu platformaya qoşulublar və bu proses indi də davam edir. Erməni ictimaiyyətinin nümayəndələri Sarkisyan rejimi tərəfindən onlara qarşı olan bütün təhlükələri və təzyiqləri göz önünə alaraq, Ermənistan-Azərbaycan sülh platformasına qoşulurlar.

2-cisi, ermənilər gəlib başqasının torpağında ölmək istəmirlər
3-cü isə Dağlıq Qarabağda daim qorxu və səksəkə içində yaşamaq istəmirlər

Ona görə də ermənilər tez bir zaman ərzində münaqişənin sülh yolu ilə həll edib, bütün sivil ölkələrdə olduğu kimi, rahat və normal şəraitdə yaşamaq isəyirlər.

Bu baxımda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, QHT təmsilçiləri, Sarkisyan rejiminin idarəçiliyi ilə uçuruma sürüklənən Ermənistanın taleyinə biganə qalmayan ictimai aktivlər bu təşəbbüsə dəstək verirlər.

Platformaya qoşulan ermənilərə Sarkisyan rejimi tərəfindən niyə divan tutulur? 

Ermənistan rəhbərliyi bütün gücünü səfərbər edib ki, bu platfaormanın fəaliyətini dayandırsın və sülh yaratma konsepsiyası iflasa uğrasın. Münaqişənin olduğu kimi qoruyub saxlamağa çalışan Sarkisyan rejimi yaxşı anlayır ki, bölgədə sülhün əldə olunması onların sonu ilə nəticələnə bilər. Ona görə də istənilən real sülh təşəbbüsünə qəti etiraz edir və bu prosesə qoşulanları ağır şəkildə cəzalandırmağa başlayıb.

Bildiyiniz kimi, son 3 gündə mətbuat vasitəsilə “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmaq istəyən 2 erməni gəncə və onların yaxınlarına mənəvi, fiziki basqılar və təhdidlər edilir, onların ailə üzvləri və özləri həbs edilir. Bunlar arasında erməni publisist, ictimai fəal Lusine Nersisyanın Xankəndində Ermənistan təhkükəsizlik orqanları tərəfindən həbs olunması, eləcə də digər erməni fəalı Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalmasını göstərmək olar.

Xocalı soyqırımını törətmiş bir adamın, Serj Sarkisyanın sülh çağırışlarına belə reaksiyası məni təəccübləndirmir. Lakin bu bir daha Sarkisyan rejiminin əsl simasını ortaya qoyur və onun sülh çağırışı edən gənclərə belə aqressiv münasibəti ilk növbədə erməni xalqını və sonra isə beynəlxalq təşkilatları narahat etməli və onun bu əməlinə adekvat qiymət verilməlidir. Əminəm ki, bütün bu basqılar istər Dağlıq Qarabağdan, istərsə də Ermənistandan sülh platformasına dəstək verənlərin qarşısını ala bilməyəcək. Bundan başqa, artıq bir çox ölkələrin tanınmış siyasətçisi, mətbuatı və ictimai xadimi sülh platforması prosesinə dəstək verməyə başlayıb. Yaxın zamanlarda daha böyük dəstəyin hamımız şahidi olacagıq. Çünki vicdanı olan hər kəs milliyətindən asılı olamayaraq, bu platformaya dəstək verməli və insanlıq qarşısında öz borcunu yerinə yetirməlidir.

Beynəlxalq təşkilatlar

Uzun müddət sülhdən, xalqlar arasında inam və etimad mühitindən danışan, cəmiyyətləri bir-birinə yaxınlaşdırmağın vacibliyindən bəhs edən Beynəlxalq Təşkilatların bu baxımdan nəyə qadir olduqlarını sübut etməyin əsl vaxtıdır. İlk növbədə Avropa İttifaqının Bakidakı ofisinin rəhbəri səfir Malina Marda platformaya verdiyi dəstəyə və Lusine Nersisyanın Xankəndində qanunsuz həbsini pislədiyinə görə təşəkkür edirəm.
Hesab edirəm ki, digər beynlxalq təçkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədləri də bu prosesə münasibət bildirməlidirlər.

Ona görə də ATƏT-in Minsk qrupunun həmsərdlərinə xitabən Hamburqda ATƏT PA-nın büro iclasında etdiyim müraciəti bir daha təkrarlamaq istəyirəm. 25 illik münaqişənin tarixində ilk dəfə bir araya gələn Ermənistan və Azərbaycan xalqlarının nümayəndələrinin sülh çağırışına laqeyd qalmayın, onların səsinə səs verin, Sülh platformasının fəaliyyətini dəstəkləyin və bölgənin ən qanlı münaqişəsinin həlli üçün nəhayət malik olduğunuz mandatdan səmimi şəkildə istifadə edin.

Belə bir fürsətin qaçırılmasını tarix heç kimə bağışlamayacaq. 

Sonda isə hörmətli həmkarlarıma, millət vəkillərinə müraciər edirəm ki, bu platformanı bütün beynəlxalq təşkilatlarda, ATƏT PA, AŞPA, NATO PA, Avronest PA, QDİƏTPA və digərlərində, o cümlədən xarici ölkələrlə yaratdığımız dostluq qruplarında təqdimatına və onların dəstəyini əldə etməyə çalışsınlar.

Eyni zamanda Azərbaycan ictimaiyyətinin də bu prosesdə fəal olmağa, bu təşəbbüsü həm daxildə, həm də xaricdə dəstəkləməyə çağırıram”.