Ermənistan yolu azaraq sərhədi keçən və saxlanılan əsgərimizdən Bakıda həbs olunan erməni hərbçilərin qaytarılması üçün istifadə edə bilər.
Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu fikirdədir. O bildirib ki, Ermənistan ötən ilin dekabrında Aqşin Bəbirov və Hüseyn Axundova qarşılıq 32 ermənini almışdı, hətta “əllərini gücləndirmək üçün” H.Axundovun qondarma cəzasını ömürlük həbslə də əvəz etmişdilər:
“Ermənistan tərəfinə keçən Ruslan Pənəhovun qarşılığında daha çox ermənini almaq üçün ona qarşı da qondarma ittihamların irəli sürüləcəyi gözləntisi var. Azərbaycanda nə qədər erməninin həbsdə olduğu dəqiq bilinmir, erməni mənbələr isə bu sayın 80-ə yaxın olduğu iddialarını irəli sürüb.
Bu vəziyyət Azərbaycan üçün xoşagəlməz vəziyyət yaradır. Hərçənd, əsgərimizə qarşılıq yeni erməni hərbçilərin “yolunu azaraq, Azərbaycan tərəfinə keçməsi”ni təmin etmək də mümkün yollardan biri ola bilər”.
Hüquq müdafiəçisi Sahib Məmmədov isə hesab edir ki, Ermənistan pis praktikasını davam etdirir. Azərbaycan dəfələrlə azaraq bizim sərhədləri keçən erməni hərbiçilərini və mülki şəxslərini sorğu-sualdan sonra dərhal qaytarırdı:
“İndi biz də gərək hər keçəni saxlayaq və cinayət işi açaq. Əslində isə hər iki tərəf azamış və sərhəddi keçmiş hərbiçini əsir kimi götürüb sonra geri qaytarmalıdır. Mülki şəxsləri isə dərhal, əgər diversiya əlaməti yoxdursa. Ermənistan Azərbaycanın xoş məramlı jestlərinə belə cavab verməklə özünə pislik etməsinin fərqində deyil”.
Nigar