Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasından sonra baş verən yanğın füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib.
Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəzanın səbəblərinin araşdırılmasına dair dərc etdiyi ilkin hesabatda qeyd olunur.
Bildirilib ki, yer səthi ilə toqquşmadan sonra hava gəmisi bir neçə hissəyə parçalanıb. “Füzelyajın mərkəzi və ön hissəsi, pilot kabinəsinin aşağı hissəsi və sağ qanad tamamilə yanıb. Pilot kabinəsinin yuxarı hissəsi aşağı hissədən ayrılıb, üzərində yuxarı alətlər paneli, kabinanın iki külək şüşəsi və bir yan pəncərə qalıb”, – hesabatda vurğulanır.
Hesabata görə, füzelyajın arxa hissəsi isə quyruq hissəsi ilə birlikdə təyyarənin digər hissələrindən aralıda yerləşib: “Sol qanad isə füzelyajın mərkəzi hissəsi ilə birlikdə yanğın yerində qalıb və qismən qorunub saxlanılıb”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb