backend

“Ayrılandan sonra arxamca söyüş söydü” – Kamran Ağayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin və “Boavişta” klubunun qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında “Benfika” ilə keçirilən oyundan sonra baş verən davaya aydınlıq gətirib. 

Azərbaycan millisinin və “Boavişta” klubunun qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında “Benfika” ilə keçirilən oyundan sonra baş verən davaya aydınlıq gətirib.

TİA.AZ xəbər verir ki, qapıçı AFFA-nın “Facebook” səhifəsinə son oyunda baş verən hadisə ilə bağlı açıqlama verib.

“Oyundan sonra xoşagəlməz hadisə yaşandı. Hamı deyir ki, Kamran Ağayev dalaşıb. Təbii ki, bu hadisə yaşanmamalı idi. Ancaq bəzən hisləri cilovlamaq olmur, həmin anda nə qərar verəcəyini bilmirsən. Bu böyük futbolçularla da baş verir. Məsələn, Zidan Materazzini təhqirə görə vurmuşdu və bundan sonra ümumiyyətlə futboldan uzaqlaşmışdı. Rəqib oyunçu ilə üz-üzə gəldik, ayrılandan sonra arxamca söyüş söydü və mən bunu həzm edə bilmədim. Azərbaycan xalqının adına ləkə gətirəcək bir hərəkət etdiyimi düşünmürəm. Əgər elə bir hərəkətim olubsa, xalqımdan üzr istəyirəm. Əlbəttə ki, bu hadisə olmamalı idi. Niyə mənlə baş verdiyini araşdırsaq nəzərə almaq lazımdır ki, “Benfika” çempionluğa oynayan komandadır. 65 min azarkeşin önündə 3 top geridə olmaqları və sonra qalib gələ bilməməkləri onlara pis təsir edirdi. Mən oyunun gedişatına çox təsir göstərirdim, oyunu gecikdirməyim və ritmi salmağım onları özündən çıxarırdı”.

K.Ağayev “Neftçi” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib: “Bu məsələ ilə bağlı danışığımız olmayıb. Hal-hazırda “Boavişta” futbol klubunun üzvüyəm, mövsümün sonuna qədər müqaviləm var. Mövsümün sonunda nə olacağı ilə bağlı indi bir şey deyə bilmərəm”.