Kimlərsə, xüsusilə də tanınmış insanlar hardasa, hansısa şəraitdə, kiminləsə, kimlərləsə yersiz, lazımsız, zərərli, hətta çox zərərli, açılıb-bükülməsi, ictimailəşməsi gərəksiz olan nəsə danışıblarsa, bölüşüblərsə niyə paylaşırsınız? Nə gərək var? Bu sizə, topluma, ölkəyə nə qazandırır? Əgər zərərlidirsə, hətta zəhərlidirsə o fikirlər, niyə yayırsınız? Danışan ayıb edib, yanlış edib, bəs siz? Sizin etdiyinizin adı nədir? Bir dəyərli dostumuz Nuru Paşa ilə bağlı bir sənətçinin fikirlərini “xəyanət” adlandırıb. Əgər o müğənni həqiqətən elə deyibsə, səhvdir, asilikdir, dəyərlərə hörmətsizlikdir. Amma…
Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı səs yazısı yayılan Flora Kərimovanı qismən müdafiə etsə də, səsi yayanları tənqid edib:
“O müğənninin dilindən o ayıb açıqlamanı almaq, gizlicə səsini yazmaq, sonra da yaymaq, günlərlə müzakirə mövzusuna çevirmək xainlik deyilmi? Əxlaqsızlıq deyilmi xəlvətcə kiminsə səsini yazmaq? Hətta cinayətdir. Doğmalarınızdan biri, ananız, atanız, övladınız səhv edəndə, ayıb edəndə bəh-bəhlə sosial şəbəkələrdə ictimailəşdirirsiniz, yaya bilirsiniz? Və ya öz yanlışlarınızı cəsarətlə, yüksək səslə etiraf edirsiniz, edə bilirsiniz? Başqalarının söhbət əsnasında dedikləri yanlışları niyə belə rahatlıqla yayırsınız bəs? Bəlkə həmin andakı ovqatla dilə gətirib o ayıb ifadələri?. Neçə gündür istəmədən izləyirəm bu yöndəki müzakirələri. Bəli, istəyirsiniz xorla deyək, danışan böyük səhv edib, əgər montaj deyilsə. Bəs yayan? Onlara qarşı da ictimai qınaq olmalı deyilmi?”.