AYNA yollara 45 milyonluq xətt çəkəcək

AYNA yollara 45 milyonluq xətt çəkəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə ən bəxti gətirən dövlət qurumları AAYDA-dır, o biri AYNA. Hər dəfə milyonlar ayrılır. Düzdür, hələki gözümüzə milyonluq nəsə dəyməyib, əsas odur ayrılır.

Tribunainfo.az xəbər verir ki, bu sözləri jurnalist Əzizə İsmayılova yolların xətlənməsi üçün AYNA-ya ayrılan vəsait barədə danışarkən deyib. Jurnalist bildirib ki, AYNA təkcə respublika ərazisindəki magistral yollarda nişanlanma və xətlənmə işlərinə nə az, nə çox 45 milyon manat pul xərcləyəcək:

“Bunun üçün şirkətlərin biri ilə iki müqavilə imzalanıb. Birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Deyilənə görə, bu xətlər bizim adət etdiyimiz göydən 5 damcı yağış düşən kimi yuyulub axan adi əhəngfason rənglə çəkilən xətlərdən olmayacaq. Bu xətlərin üzəri ara-ara sapfir və brilyant qaşlarla işlənəcək. Hələki karat məsələsi müəyyən olunmayıb. O xətlər gecələr elə işıqlanacaqlar ki, gündüz işığı yanlarında yalan olacaq. Mən inanıram, siz də inanın.

Birdən çaşıb sevinərsiniz ki, Bakının qəsəbə və kəndlərində, mikrorayonlarında, gözdən-könüldən uzaq küçələrində də nəhayət, heç olmasa piyada zolaqlarında normal xətlənmə olacaq. Nrç… boşuna ümidlənməyin.

Üstünə bir 45 milyon da qoyan olmasa, xəyalını belə qurmayın. Təkrar edirəm, yalnız magistral yollarımız üçündür.

Bəd nəzərin gözündən uzaq, maşallah olsun, ölkədə ən bəxti gətirən qurumlardan biri AAYDA-dır, o biri AYNA. Hər dəfə milyonlar ayrılır. Düzdür, hələki gözümüzə milyonluq nəsə dəyməsə də, əsas odur ayrılır da”.

Gülşən Rəsul