Bakı şəhəri ərazisində “AYNA”-nın nə qədər pulsuz parklanma yerlərinin olması ilə bağlı məsələ araşdırılıb.
Tribunainfo.az xəbər verir Ajans.az mövzu ilə bağlı AYNA-nın Parklanmanın təşkili Departamentinin direktoru Samir Cəlladov ilə əlaqə saxlamağa çalışıb. Lakin suallarımız cavabsız qaldı.
Suallarımızdan biri o idi ki, paytaxt ərazisində pulsuz dayanacaqlar fəaliyyət göstərirmi? Çünki müşahidə edilən pulsuz parklanma yerlərinin çoxu artıq ödənişli şəkildə fəaliyyət göstərir. Hətta bildirilirdi ki, pulsuz yerlərin sayı daha da artacaq.
Amma parklanma yerlərinin ödənişli olmasından sonra sürücülər məcburi şəkildə avtomobillərini məhəllələrdə saxlayırlar. Ona görə də, həmin ərazilərdə də şlaqbaunlar qoyulur. Bu isə əraziyə digər maşınların girişinə problem yaradır. Artıq paytaxtın bir çox qəsəbələrində bu səbəbdən tıxaclar yaranır. Ən çox da səhər tezdən işə gedərkən, bu hallar qaçılmazdır. Əsas səbəb isə, həmin radiuslu yerlərin hər birində ödənişin tətbiqidir.
Cəmiyyəti maraqlandıran əsas sual isə, bu qədər pullu dayanacaqların olmasına görə, qurum nə qədər qazanır? Bizə şəffaf açıqlama verilə bilər?
Digər bir məsələ orada işləyən işçilərin maaşlarıdır. Çünki son vaxtlar parklanmanın bəzi işçiləri maaşlarından narazı idi.
Ümumilikdə, bu tip suallara cavab almaq üçün Samir Cəlladovla əlaqə saxlamaq istəsək də, alınmadı. Bizə bildirildi ki, suallara cavab vermək onun səlahiyyətlərinə daxil deyil. AYNA-nın mətbuat xidmətinə ümvanladığımız sualların cavabı hələ də cavabsız qalıb.