Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) və Aktauda Baş Konsulluğumuzun birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirildi. Tribunainfo.az-a açıqlama verən əməkdar artist Aybəniz Haşımova bildirib ki, “Soydaşlarımızdan aldığımız istiliyi, gördüyümüz xoş və doğma münasibəti heç vaxt unutmayacağıq.
Qeyd etməliyəm ki, səfərimiz yüksək səviyyədə təşkil olunmuşdur. TAİB dövlətimizin, xalqımızın adına layiq tədbir təşkil etmişdir. Ən xırda detallara qədər hər şey nəzərə alınmışdır. Mən çox xarici səfərdə olmuşam. Deyim ki, TAİB- in təşkil etdiyi Qazaxıstan səfəri həm mənim, həm də, Sənət Akademiyasının tələbələrinin yaddaşında silinməz iz buraxacaq. Bir sözlə səfər mükəmməl şəkildə təşkil olunmuşdur. Dövlətimizin yüksək adına uyğun işlər görən TAİB rəhbərliyinə minnətdaram.
Eyni zamanda, bizə diqqətini əsirgəməyən Baş Konsulumuz Elçin müəllimə, və diasporumuzun fəallarına təşəkkürümü ifadə etmək istəyirəm.
Xüsusi təşəkkürüm isə, əziz, doğma Nicat Hüseyn Dağlar oğlunadır. Öncə onu deyim ki, bu səfərə getməyim məhs onun arzusu idi. Böyük həvəslə mən də əziz qardaşımın arzularına qoşuldum və musiqimiz adına əlimdən gələn nə varsa cani-könüldən böyük şövqlə etdim. Nicat müəllim isə ən böyük, ağır məsuliyyəti öz çiyinlərinə götürmüşdür. Öhdəsindən də ən ali dərəcədə gəldi! Halal olsun sənə və sənə belə mükəmməll olmağı öyrədən valideynlərinə. Hər dəfə bir-birindən əvəzsiz musiqilərimiz o möhtəşəm səhnədən səsləndikcə həm inanılmaz, həm qürur həm də həyəcan hissi məni bürümüşdü. Hətta hiss edirdim ki, təzyiqim də yüksəlib. Amma buna baxmayaraq yenə də şövqlə davam edirdik. Çünki o möhtəşəm konsert salonunda bizi izləməyə gələn vətənimin vətən övladları var idi. Həyacanla bravo söyləyərək öz ana musiqisini, ana laylasını göz yaşları, sevinc yaşları ilə seyr edib bizi daha da həvəsləndirirdilər.
Biz onların alqışından çox razı qaldıq. Arzu edirəm ki, onlar da bizdən razı qalsınlar!”