Şah İsmayıl məsələsinə mən də münasibət bildirməliyəm. Ən azı ona görə ki, “Şah Abbas” romanı yazmışam və məsələdən yetərincə məlumatlıyam. Azərbaycan və Türkiyə aydınları bir araya gəlib, bu məsələni çözməli və təfriqə yaradacaq bəyanatlara son qoymağa çalışmalıdırlar.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Elçin Hüseynbəyli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Çaldıran” döyüşü ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu mübahisəyə son qoymaq lazımdır:
“Şübhəsiz, Osmanlı-Səfəvi qarşıdurması sünni-şiyə davasından qaynaqlanır. Hətta Birinci Təhmasiblə imzalanan Amasiya müqavilsində də qarşılıqlı təhqirlərdən vaz keçməklə bağlı bənd var. Dünyada imperiyalar çox olub və zaman-zaman müxtəlif ölkələrə parçalanıb. Roma imperiyası buna sübutdur.
Söhbəti uzatmaq istəmirəm. Amma nəzərə alın ki, həmin dövr təkcə Şərqdə yox, Qərbdə də məzhəb müharibələri gedirdi. Katoliklər protestantlara qarşı və s. Amma keçmiş keçmişdə də qalmalıdır. İndi çağdaş zamanda yaşayırıq, dostumuz, düşmənimiz də bəllidir. Bizə ayrıcılıq yox, birlik lazımdır.
Həmfikirlərimi dəstəkləyirəm: Azərbaycan və Türkiyə aydınları bir araya gəlib, bu məsələni çözməli və təfriqə yaradacaq bəyanatlara son qoymağa çalışmalıdırlar. “Türkün türkdən başqa dostu yoxdur” deyirik, amma “türkün türkdən başqa düşməni yoxdur” deməyək. Çalxalanan, türkə düşmən gözü ilə baxılan dünyada ehtiyatlı və ayıq olmaq mühümdür!”.
Nigar İxtiyarqızı