“Bizim ən böyük xoşbəxtçiliyimiz Azərbaycanın sabitliyi və stabil cəmiyyətinin olmasıdır. Mən bunu hər zaman bildirmişəm”.
“Bizim ən böyük xoşbəxtçiliyimiz Azərbaycanın sabitliyi və stabil cəmiyyətinin olmasıdır. Mən bunu hər zaman bildirmişəm”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib.
A.Mütəllibov deyib ki, Azərbaycanda müəyyən problemlər mövcud olsa da, sabitliyin qorunması hər zaman birinci məsələ olmalıdır:
“Bizim üçün ən vacib məsələ ölkəmizin sabitliyidir. Bu sabitliyi hər birimiz göz bəbəyi kimi qorumalıyıq. Bu sabitliyin qorunmasında Prezident İlham Əliyevin böyük zəhməti var. Prezidentə xalq tərəfindən lazımı dəstək verilir. Ancaq bəzi məmurların da dəstəyi lazımdır. Prezident İlham Əliyev Azərbaycanın sabitliyi və inkişafı üçün əlindən gələni edir, xalqın firavanlıqda yaşaması üçün çalışır. Bunu yüksək qiymətləndirməliyik”.
Sabiq prezident qeyd edib ki, bəzən Azərbaycanda çaxnaşma yaratmağa istiqamətlənən çağırışlar edilir:
“Biz belə çağırışlara əsla qoşulmamalıyıq, başqa ölkələrdə baş verən hadisələrə nəzər salmalıyıq. İlk növbədə Ermənistan ilə müharibə şəraitində olmağı unutmamalıyıq. Biz hələ Qarabağ məsələsini həll etməmişik. Bütün bunlara görə də Azərbaycan cəmiyyəti səfərbər olaraq, Prezidentin ətrafında sıx birləşməlidir. İlk növbədə Prezidentin yürütdüyü daxili və xarici siyasətə daha çox dəstək verilməlidir.
Biz indiki günümüzü razılıq hissələri ilə yaşamalıyıq. Deməliyik ki, bu günümüzə şükürlər olsun! Təki Azərbaycanda sabitlik olsun. Çünki indi Yaxın Şərq ölkələrində müharibələr baş verir, müsəlman əhali qırılır, qardaş qardaşa güllə atır”.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ötən il dünyanın müxtəlif yerlərində təhlükəli proseslərin müşahidə olunduğunu, ancaq Azərbaycanın dünya miqyasında sabitliyi ilə seçildiyini bəyan edib.