İstanbulun dünyaca məşhur Ayasofya Məscidini xarici turistlərin ziyarəti yanvarın 15-dən ödənişli olacaq. Onlar üçün ayrıca giriş ayrılacaq və indiki girişdən məscidə ibadət üçün gələn insanlar istifadə edəcəklər.
Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy CNN Türk telekanalına açıqlamasında bildirib.
“Biz YUNESKO-nun tövsiyələrini və qlobal təcrübəni nəzərə almaqla, Ayasofyanı ziyarət etmək üçün idarəetmə planı hazırlamışıq. Yanvarın 15-dən etibarən xarici turistlər məscidi ziyarət etmək üçün pul ödəyəcəklər. Biz axınları ayıracağıq: indiki girişdən məscidə dini məqsədlərlə gələnlər istifadə edəcək, turistlər başqa girişdən daxil olacaqlar”, – nazir bildirib.
O əlavə edib ki, turistlər üçün xüsusi audiobələdçi hazırlanıb və onu mobil cihazlara yükləmək olar. İstəyərlərsə, girişdə qulaqcıqları götürüb məbədə öz-özünə ekskursiya edə bilərlər.
Qeyd edək ki, Müqəddəs Sofiya Katedrali 532-537-ci illərdə imperator Yustinyanın göstərişi ilə ucaldılmış Bizans memarlığının abidəsidir. 1453-cü ildə Bizans imperiyasının süqutundan sonra məscidə çevrildi. 1935-ci ildə Türkiyə hökumətinin müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün imzaladığı fərmanla kafedral muzeyə çevrilib. 1985-ci ildə İstanbulun tarixi hissəsində yerləşən memarlıq kompleksi digər abidələrlə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.