Avtomobil bazarında canlanma – Tələb niyə artıb?

Avtomobil bazarında canlanma – Tələb niyə artıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə Azərbaycan avtomobil bazarında ciddi canlanma müşahidə olunur. Ölkəyə idxal edilən avtomobillərin sayında nəzərəçarpan artım müşahidə edilir ki, bunun da bir neçə əsas səbəbi var.

Tribunainfo.az xəbər verir ki, ekspertlər bu artımı həm əhalinin gəlirlərinin artması, həm də dövlət tərəfindən yeni avtomobillərin idxalına tətbiq olunan güzəştlərlə əlaqələndirirlər. Xüsusilə elektrik və hibrid mühərrikli avtomobillərə göstərilən vergi güzəştləri bazarda bu tip nəqliyyat vasitələrinə tələbatı əhəmiyyətli dərəcədə artırıb.

Mövzunu Valyuta.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli son bir ildə ölkəyə idxal edilən avtomobillərin sayının artmasının əsas səbəblərindən danışıb:

“Bu artımın başlıca səbəblərindən biri insanların varlanmasıdır. Avtomobil almaq üçün ilk növbədə insanın yetərli pulu olmalıdır. Son illərdə insanların nominal gəlirləri inflyasiyanın təsiri ilə əhəmiyyətli dərəcədə artıb. İkinci önəmli məsələ isə dövlətin avtomobil siyasətidir. Xüsusilə yeni avtomobillərə tətbiq olunan güzəştlər diqqət çəkir. Məsələn, elektrik mühərrikli avtomobillərə 3 il müddətinə heç bir vergi tətbiq edilmir, hibrid avtomobillər isə 3 il müddətinə ƏDV-dən azad olunub”.

Ekspertin sözlərinə görə, hazırda tələbat əsasən Çin istehsalı avtomobillərə yönəlib. Bunun səbəbi Çin elektrikli avtomobil bazarının sürətlə inkişaf etməsi ilə bağlıdır:

“Çin avtomobilləri həm münasib qiymətə malikdir, həm də müasir texnoloji tələblərə cavab verir. Buna görə də əhali arasında bu növ avtomobillərə maraq getdikcə artır”.

Xalid Kərimli həmçinin hökumətin yeni avtomobillərin idxalına yönəlmiş siyasətinin bu meylləri gücləndirdiyini vurğulayır:

“Vətəndaşlar üçün yeni avtomobil almaq, köhnə avtomobil almaqdan daha sərfəlidir. Nəticədə ikinci əl daxili yanma mühərrikli avtomobillərin qiymətləri aşağı düşüb və satışı çətinləşib. İnsanlar isə daha çox yeni avtomobillərə üstünlük verir. 2025-ci ildə ölkəyə gətirilən 47 199 minik avtomobilinin təxminən 23 930-u, yəni 51 faizi hibrid, plagin və elektrik mühərrikli avtomobillər olub. Halbuki keçən il bu göstərici cəmi 27 faiz təşkil edirdi. Hökumətin tətbiq etdiyi siyasətin nəticəsi olaraq, idxal olunan bu tip avtomobillərin payı sürətlə artıb. İnsanlar düşünür ki, ikinci əl 8-10 illik Avropa və ya ABŞ istehsalı avtomobil almaqdansa, həmin qiymətə daha müasir, yeni Çin avtomobili almaq daha məqsədəuyğundur”.