Əksər Avropa paytaxtları turistlərlə doludur – onlar şəhərlərin mənzərələri və memarlığından zövq almaq üçün buraya gəlirlər. Amma Avropada yalnız bir paytaxt var ki, digərlərindən fərqli olaraq ən yüksəkdə yerləşməsi ilə seçilir.
Tribunainfo.az xəbər verir ki, söhbət Andorradan gedir. Pireney dağlarında, dəniz səviyyəsindən 1023 metr hündürlükdə yerləşən Andorra-la-Velya ölkənin paytaxtıdır.
Cəmi 13 kvadrat kilometr əraziyə sahib bu şəhər Avropanın ən kiçik paytaxtlarından biridir. Müqayisə üçün – London ondan 120 dəfə böyükdür, – yazır Daily Mail. Amma bu şəhərin başqa bir özəlliyi də var: Andorrada nə hava limanı, nə də dəmir yolu stansiyası mövcuddur.
Buna baxmayaraq, hər il bu balaca Avropa paytaxtını 10 milyonadək turist ziyarət edir.
Andorraya necə getmək olar?
Mütəxəssislər bildirirlər ki, ölkəyə çatmağın ən rahat yolu Barselona, Jirona və ya Lerida (İspaniya), yaxud Tuluza (Fransa) şəhərlərinə uçmaqdır. Oradan isə avtomobillə Andorraya getmək mümkündür.
Nə görmək olar?
Avinguda Meritçel – “alış-veriş küçəsi” adlanan bu məkanda iri ticarət mərkəzləri və gömrüksüz satış mağazaları yerləşir. Burada Avropanın ən aşağı ƏDV dərəcələrindən biri tətbiq olunur.
Caldea Spa Mərkəzi – 1987-ci ildə qurulan bu mərkəz Cənubi Avropanın ən böyük termal spa kompleksi hesab olunur. Burada hamamlar, müxtəlif vannalar, qapalı-sauna, həmçinin dağlarla əhatələnmiş açıq laguna var. Üç saatlıq baza paketi 30,50 avrodan başlayır.
Tripadvisor istifadəçiləri mərkəzi “futuristik üslubda, çox təmiz və gözəl tərtibatlı, ziyarətə dəyər” kimi təsvir ediblər.
Sant-Estève kilsəsi – IX əsrdə inşa olunmuş qədim Roma üslublu ibadətgah şəhərin tarixi mərkəzində yerləşir.
Pireneylərdə yürüşlər – Andorra-la-Velya dağlarda trekking üçün əlverişli məkandır.
Hava şəraiti
Andorrada çox günəşli hava gözləmək olmaz. Dağlarda qışda orta temperatur cəmi +8°C, illik qar miqdarı isə 228 sm təşkil edir. İlin ən isti dövrü iyul və avqustdur – temperatur +24°C-yə qədər yüksəlir.
İmran Kərimli