Bu ilin əvvəlindən 14 ölkədə qızılca xəstəliyi sürətlə yayılıb. Artıq bu barədə yerli səhiyyə təşkilatları da açıqlama yayıblar.
Bu ilin əvvəlindən 14 ölkədə qızılca xəstəliyi sürətlə yayılıb. Artıq bu barədə yerli səhiyyə təşkilatları da açıqlama yayıblar.
Xəstəlik əsasən, Avstriya, Rumıniya, Bolqarıstan, Belçika, Çexiya, Macarıstan, Fransa, Almaniya, İsveç, İtaliya, Portuqaliya, İslandiya, İspaniya, İsveçrə, İtaliya kimi ölkələrdə yoluxanların sayı minlərlədir.
Xəstəliyin sürətlə yayılmasının başlıca səbəbi əhalinin peyvənd edilməməsidir. Çünki bu xəstəlikdən qorunmanın birinci şərti məhz peyvənddir. Hətta bir sıra ölkələr qızılca yayılan ölkələrə səfər etməmək barədə xəbərdarlıq edib.
Bəs xəstəliyin Azərbaycanda yayılması nə qədər realdır?
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Publika.az-a açıqlamasında 2013-cü ildən Azərbaycanda qızılca qeydə alınmadığını bildirib: “Ölkəmizdə 2008-ci ildən qızılca qeydə alınmırdı, yalnız 2013-cü ildə xəstəlik müşahidə edildi. Ondan sonra isə qızılca müəyyən edilməyib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda həm qızılca, həm də məxmərəyin eliminasiyası elan edilib. Bu da ölkəmizdə yerli yayılma hadisələrinin olmadığını göstərir”.
A.Əliyeva qızılcanın turistlər vasitəsilə ölkəmizə gətirilib yayılması ehtimalının olmadığını dedi: “Çünki Azərbaycanda qızılcaya görə immunlaşdırma yüksək səviyyədədir. Aprelin 24-dən 30-dək ölkəmizdə Avropa immunlaşdırma həftəsi keçirilir. Hər hansı səbəbə görə peyvənddən kənarda qalan uşaqlar qızılca, məxmərək əleyhinə vaksinlə peyvənd ediləcəklər. Epidemoloji nəzarət yüksək səviyyədədir. Peyvəndlərlə idarə olunan xəstəliyin Azərbaycana gətirilmə ehtimalı yoxdur. Peyvəndlərlə təminat yüksək səviyyədə olduğundan xarici ölkədən gələn şəxsdən yoluxmanı qəbul etmirik”.
Peyvənd yaşını keçmiş əhali üçün təhlükənin ciddiliyinə gəldikdə, A.Əliyeva 2006-cı ildə böyük yaşlılara peyvənd edildiyini dedi: “Həmin ildə 7 yaşdan 35 yaşa qədər əhali, təxminən 1 milyondan çox insan peyvənd edildi. Böyük yaşda əhalinin də qızılcaya qarşı immuniteti var, çünki qızılca peyvəndi uzun müddətli immunitet verir. Ona görə də qızılcanın nə uşaq, nə də yaşlı əhali arasında yayılacaq. Bu virusun gətirilmə ehtimalı yoxdur”.
Qeyd edək ki, hava-damcı yolu ilə keçən xəstəlik, yüksək hərarət və dəri səpkiləri ilə müşahidə olunur. Düzgün müalicə aparılmadığı halda xəstəlik ölümlə nəticələnə bilər.