Avropa ölkələrində insanlar, o cümlədən gənclər özlərini daha xoşbəxt hiss edirlər.
Tribunainfo.az xarici mediaya istinadla xəbər verir ki, Ümumdünya Xoşbəxtlik Hesabatına əsasən, ümumi reytinqində Avropa ölkələri (Finlandiya, Danimarka, İslandiya, İsveç, İsrail, Niderland, Norveç, Lüksemburq, İsveçrə)ilk onluqda olarkən Azərbaycan 143 ölkənin adının salındığı reytinq cədvəlində 101-ci yerdədir.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Dünya Xoşbəxtlik Hesabatı bu ilin mart ayında dərc edilib.
Finlandiya yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi olarkən, Türkiyə 98-ci yerdə qərarlaşıb. Hesabata görə, Türkiyədə gənclər yaşlı insanlara nisbətən daha bədbəxtdir.
Postsovet ölkələrindən Litva, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Estoniya, Tacikistan və Ermənistan cədvəlin daha ön pillələrində qərar tutublar.
Xoşbəxtlik reytinqi fərdlərin həyatdan məmnunluqla bağlı öz qiymətləndirmələrinə, o cümlədən adambaşına düşən gəlir, sosial dəstək, sağlam ömür uzunluğu, azadlıq və korrupsiya kimi meyarlara əsaslanır.
Hesabatda Avropadan başqa bütün bölgələrdə xoşbəxtlik bərabərsizliyinin artdığı və bunun «narahatedici tendensiya» olduğu bildirilib. Bildirilib ki, bu artım “gəlir, təhsil, səhiyyə, sosial qəbul, inam və ailə, icma və milli səviyyələrdə dəstəkləyici sosial mühitlərin mövcudluğunda” bərabərsizlikləri əks etdirir.Musavat.com