Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan yenə də dünyaya harayını salıb. Fevralın 12-dən başlayan silsilə tədbirlər bütü gücü ilə davam edir.
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan yenə də dünyaya harayını salıb. Fevralın 12-dən başlayan silsilə tədbirlər bütü gücü ilə davam edir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilovanın TİA.AZ-a verdiyi məlumata görə, Avropanın bir çox ölkələrində – Almaniya, Niderland, Belçika, Danimarka, Fransa, İsveçrə, Polşa, İsveç, Finlandiya, Türkiyə, Kanada, ABŞ-ın müxtəlif şəhərlərində, MDB ölkələrində etiraz aksiyaları, yürüşlər, fləşmoblar təşkil olunacaq, ictimai nəqliyyatlarda videoçarxlar nümayiş etdiriləcək, fotosərgi və filmlər təqdim olunacaq, yerli qanunverici orqanlara müraciətlər göndəriləcək. E.Xəlilova bundan əlavə, Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı dinləmələr olacağını, İzmir şəhərində Xocalı abidəsinin açılışı, Adanada abidənin təməlqoyma mərasiminin keçiriləcəyini qeyd etdi. Qurum rəhbəri qeyd etdi ki, ötən il də İzmir şəhərində Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılmışdı: “Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Almaniya, Belçika, İsveçrə, İsveç, Niderland, Danimarka və digər ölkələrin mərkəzi meydanlarında etiraz aksiyaları, yerli parlamentin üzvləri ilə görüşlər, elmi-praktik konfrans, dəyirmi masa və digər tədbirlər keçirməklə Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını yerli ictimaiyyətə çatdıracaqlar. Fevralın 26-da Amsterdam şəhərində Kraliyyət sarayının qarşısında Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə etiraz mitinqi təşkil olunacaq”.
“Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti fevralın 24-də Ermənistanın BMT-dəki daimi nümayəndəliyi və BMT-nin Baş Qərargahı qarşısında mitinq keçirəcək. Fevral ayının 25-də isə Nyu York Azərbaycan Evində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq. Bundan başqa, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN), Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi və digər təşkilatlar tərəfindən ABŞ-ın Vaşinqton, Mayami, Hyuston, Los-Anceles, San-Fransisko şəhərlərində də anım tədbirləri keçiriləcək.
Xocalı soyqrımı qurbanlarının xatirəsi Kanadanın Toronto, Monreal, Kalqari, London şəhərlərində də anılacaq.
Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin regional bölmələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti kimi təşkilatlar Xocalı soyqırımına həsr olunan anım tədbirləri keçirəcək. Gürcüstan, Rusiya, Türkiyə, Avstraliya, Qazağıstan, Moldovada kimi ölkələrdə faciənin ildönümü ərəfəsində konfrans və dəyirmi masalar təşkil olunacaq.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölmələri tərəfindən müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, artıq fevralın 12-də Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor qurumunun təşkilatçılığı ilə Bazel şəhərində “Xocalıya ədalət!” devizi altında anım tədbiri keçirilib. Tədbir zamanı müxtəlif videoçarxlar, o cümlədən Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib. Bundan əlavə, İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi ilə fəaliyyət göstərən qrupun ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə hazırlanmış tamaşa göstərilib.
Fevralın 18-də isə Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 25-ci ili ilə bağlı etiraz mitinqi keçirilib. Mitinq Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü, Biefeld Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Köln Azərbaycan Türk Kültür Dərnəyinin dəstəyi ilə baş tutub. Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə türk icmasınını təmsilçilərindən ibarət 250 nəfərdən çox fəal iştirak edib. Mitinqin təşkilində məqsəd Avropa ictimaiyyətininə Xocalı soyqırımının insanlığa qarşı qəddarlıqla həyata keçirilmiş cinayət aktı olduğunu, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini çatdırmaq olub. Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ili ilə bağlı mitinq iştirakçılarınını bəyanatı oxunub. Mitinq zamanı Xocalı soyqırımı haqqında məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanılıb.
Bu gün də Çikaqo şəhərində Xocalı soyqırımının 25-ci ildönümü anılıb. Tədbirdə əsasən Azərbaycan diasporunun üzvləri, yerli sakinlər, Çikaqoda beynəlxalq hüquq sahəsində çalışan mütəxəssislər, eləcə də tələbələr iştirak ediblər. Bu təqdimatda Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri, bu təcavüz aktı zamanı Xocalı soyqırımının törədilməsi və onun dünya mediasında geniş işıqlandırılması, Xocalıda törədilən əməllərə hüquqi qiymət və cinayətkarların cəzalandırılması zərurəti, həmçinin soyqırımın dünya birliyi tərəfindən daha geniş tanınmasının regionda sülhün bərqərar olunması üçün əhəmiyyəti kimi məsələlər barədə iştirakçılara geniş məlumat verilib.
Tədbirin ikinci hissəsində “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filminin təqdimatı keçirilib. Filmin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.
Nilufər