backend

Avropada azərbaycanlıların qurultayı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib. 

Dünən Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, qurultaya Avropanın 27 ölkəsindən 91 nümayəndə qatılıb.

Qurultayda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim İbrahimov da iştirak edib. Qurultayı AAK-ın prezidenti Samira Patzer-İsmailova giriş sözü ilə açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycanın dövlət himni səsləndirilib. 

Ə. Həsənov Azərbaycan prezidentinin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxuyub. Müraciətdə prezident İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin növbəti qurultayını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət başçısının müraciətində bildirilib ki, müasir dövrdə qələbələr təkcə hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir: “Bu sahədə vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Bu baxımdan Azərbaycan diasporu öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin oxşar təşkilatları ilə əlaqələrini gücləndirməlidir. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatları, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırmalı, mədəniyyətimizin təbliği istiqamətində yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər”.

Sonra Ə. Həsənov çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini bildirib, qurultayın işinə uğurlar arzulayıb: “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, diasporun formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev ümummilli liderin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. Eyni zamanda, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya etməsi, ictimai rəyə təsir imkanlarına malik olması bizim üçün əhəmiyyətli və vacib məsələdir”. 

Sonra Azərbaycan prezidentinin 28 dekabr 2016-cı il tarixli sərəncamı ilə yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş AAK üzvlərinə mükafatlar təqdim olunub. Qurultayın işçi orqanlarının tərkibi seçildikdən sonra AAK prezidenti S. Patzer-İsmailova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, əldə etdiyi uğurlar, qarşılaşdığı çətinliklər barədə geniş məlumat verib. Ardınca Mandat Komissiyasının hesabatı dinlənilib.

Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Niderland Krallığı Nord Holland əyalətinin millət vəkili Songül Akkaya, Finlandiya Azərbaycanlıları Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Əlizaman Hüseynov, Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi və digərləri çıxış edərək AAK-ın fəaliyyəti barədə fikirlərini və təkliflərini səsləndiriblər. Qeyd olunub ki, AAK-ın fəaliyyətinin daha da gücləndirilməsi üçün fəaliyyət proqramı hazırlanmalı və həyata keçirilməlidir. Sonra qurultayın qətnaməsi müzakirə və təsdiq edilib, AAK-a yeni üzvlər qəbul olunub.

Qurultay iştirakçıları eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat mətnini müzakirə edərək qəbul ediblər. Avropa Azərbaycanlıları Konqresi V Qurultayı iştirakçılarının Azərbaycan prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Toplantının yekununda AAK-ın rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olunub. S. Patzer-İsmailova Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti, iş adamı Füzuli Məmmədov birinci vitse-prezidenti seçilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, Estoniya parlamentinin sabiq deputatı Eldar Əfəndiyev, Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Rusiya “OTDO” hüquq firmasının sədri Samir Məmmədov təşkilatın vitse-prezidentləri seçiliblər.

N. İbrahimov Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq prezident İlham Əliyevin diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. O, AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu, qısa vaxt ərzində uğurlu bir yol qət etdiyini vurğulayıb. N. İbrahimov AAK-ın daha güclü bir quruma çevrilməsi üçün bütün üzv təşkilatların fəal işləməli olduğunu bildirib. O, təşkilatın fəaliyyətində yeni texnologiyaların tətbiqinin zəruriliyini diqqətə çatdırıb.

N. İbrahimov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa Azərbaycanlıları Konqresinə hər zaman olduğu kimi bundan sonra dəstək göstərəcək. Dövlət Komitəsinin sədri Avropada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakının təmin olunması üçün AAK-ın yeni rəhbərliyinin fəal işləməli olduğunu bildirib.

NİLUFƏR