Avropa Şurasından tam çıxacağıq? – Ekspertlərin şərhibackend

Avropa Şurasından tam çıxacağıq? – Ekspertlərin şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi dayandırıldı. Əslində Nümayəndə Heyətinin etimadnaməsinin dayandırılması Azərbaycanın AŞPA-dan çıxarılması demək deyil. Sadəcə olaraq Nümayəndə Heyəti bir il AŞPA toplantılarında iştirak edə bilməyəcək. Ancaq
etimadnamə 2025-ci ilin yanvarında yenidən ratifikasiya oluna bilər. Amma bunun üçün Azərbaycan hökuməti müəyyən addımlar atmalıdır.


Tribunainfo.az xəbər verir ki, AŞPA-dakı Nümayəndə Heyətinin etimadnaməsini dayandırmasını şərh edən politoloqlar hesab edir ki, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin tərkibinin təsdiq edilməməsi Ermənistan Azərbaycan arasında sülh müqaviləsi istiqamətində aparılan danışıqlara zərbə vurmaq və regionda yaranan geosiyasi nizamı qəbul etməməkdir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, Avropa Şurası Qarabağ erməniləri, keçmiş Laçın dəhlizi, Ermənistan ərazi bütövlüyü ilə bağlı bu kimi spekulyasiyalardan istifadə edərək regionda sülhü əngəlləyir:”Ümumiyyətlə, Azərbaycanın Ermənistana ərazi iddiaları yoxdur. Qeyd edim ki, Azərbaycan Zəngəzur dəhlizindən imtina etmişdi. İran ərazisindən Naxçıvana yol çəkilir. Amma Zəngəzur yolu ilə bağlı maneəsiz giriş-çıxışı Azərbaycan tələb edir. Azərbaycan bu məsələni gündəliyə çıxarıb. Bu sülhün əsas komponentidir. Amma burada Rusiya pozucu fəaliyyət göstərir. Rusiya çalışır ki, Azərbaycanla Qərbin bütün bağları qopsun. Avropa Şurası da Azərbaycana qarşı Rusiyanın siyasətinə əsasən oynayır. Avropa Şurasından çıxmaqla Azərbaycan xarici siyasətində Qərblə əlaqələrdə müəyyən problemlərə yol aça bilər”.

Siyasi ekspert Asif Nərimanlı isə hesab edir ki, AŞPA-nın Azərbaycana qarşı qaldırdığı məsələdə “Qarabağdan erməni sakinlər zorakılıqla çıxarılıb” iddiasını səbəb kimi göstərməsi əsas hədəfin nə olduğunu anlamağa imkan verir:

“Qərbdə erməniləri Qarabağa istədikləri formada – “təhlükəsizlik zəmanəti” altında qaytarmaq istəkləri hələ də var, lakin Bakının bunu qəbul etməyəcəyini bilirlər, bu baxımdan, “Qarabağın erməni əhalisi” kartını Azərbaycanı sülh danışıqlarını Qərb düşərgəsində aparmağa məcbur etmək siyasətində istifadə edirlər;

Fransa Senatının qətnaməsi, Avropa Parlamenti, AŞPA, eləcə də Borelin son açıqlamaları… eyni siyasətin tərkib hissəsidir.

Hərçənd, rəsmi Bakı Ermənistanın gündəliyinin – sərhədin delimitasiyasının İrəvanın təklif etdiyi “güzgü prinsipi” üzrə aparılması, kommunikasiyanın yenə ermənilərin istədiyi formada açılması, Naxçıvana maneəsiz keçidin verilməməsi və s. – irəli sürüldüyü Avropa platformasında danışıqlara getməyəcək, bütün “körpüləri yandırmaq” hesabına olsa belə. Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurması da rəsmi Bakının bu siyasətə qarşı adekvat cavabıdır.

Təzyiq dalğasının seçki öncəsi və sonrasında güclənəcəyi də istisna deyil”.