Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya hakimiyyətinin araşdırmaçı hüquqşünas Sergey Maqnitskinin 2008-ci ildə yaşamaq hüququnu əlindən aldığına qərar verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yerləşdirilən müvafiq qətnamədə bəhs edilir.
Qətnamədə Sergey Maqnitskinin istintaq təcridxanasında saxlanılarkən zəruri tibbi yardımdan məhrum edildiyi, habelə onun şübhəli ölümünün rəsmi orqanlar tərəfindən qəsdən düzgün araşdırılmadığı vurğulanıb. Məhkəmə buna görə Avropa İnsan haqları və əsas azadlıqlar haqqında konvensiyanın 2-ci maddəsinin (Yaşamaq hüququ) kobud surətdə pozulduğunu göstərib.
Bundan başqa AİHM Sergey Maqnitskini istintaq altında saxlanma şərtlərinin ağırlığına işarə edərək və burada ona qarşı ağır işgəncələr tətbiq olunduğunu bildirərək Rusiyanın Konvensiyanın 3-cü maddəsi (işgəncələrin qadağan olunması) üzrə cavab verməli olduğunu müəyyən edib.
Nəticədə məhkəmə Rusiya Federasiyasının iddiaçılara, daha doğrusu, Sergey Maqnitskinin xanımına və anasına 34 min avro pul ödəməli olduğunu bildirib.
Qeyd edək ki, 2008-ci ildə Rusiyanın vergi orqanlarında maxinasiyaları üzə çıxaran hüququşünas Sergey Maqnitski dövlət xəzinəsindən 230 miyon dollar vergi pulunun oğurlandığını aşkar etmişdi.
Elə həmin il onun işlədiyi “Hermitage Capital Management” fonduna qarşı açılan cinayət işi üzrə həbs edilən Sergey Maqnitski Moskvanın “Motrosskaya tişina” adı ilə bilinən istintaq təcridxanasında müəmmalı şəkildə ölmüşdü. Mərhumun bədənində aşkar edilən izlər onun ağır işgəncərə məruz qaldlğını göstərmişdi.
Bu məsələ Barak Obama administrasiyasının Rusiyaya qarşı sərt addımlar atmasına səbəb olmuş, 2012-ci ildə isə ABŞ Senatında onun adı ilə bağlanan xüsusi qanun (“Maqnitski qanunu”) qəbul edilmişdi.
Həmin qanuna əsasən, Rusiyada insan hüquqlarının kobud şəkildə pozulmasında adı qarışan yerli dövlət məmurlarına və vətəndaşlara sanksiyalar gətirilir.