Bir sıra Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək ifadə ediblər.
Tribunainfo.az xəbər verir ki, siyasətçilər Ukrayna liderini sosial şəbəkədə paylaşım edərək dəstəkləyiblər.
“Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”, – Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, Ağ evdə Zelenski ilə Trampın qalmaqallı görüşünə baxmayaraq, Avropa Ukraynaya arxa çevirməməlidir.
“Ukrayna, biz səninləyək”, – o yazıb.
“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, – Polşanın Baş naziri Donald Tusk “X”də qeyd edib.
Fransa Prezidenti Emmanuel Makron yazıb: “Bir təcavüzkar var, o, Rusiyadır, hücuma məruz qalan insanlar isə Ukraynadır”.
Bu əsnadə Tramp amerikalı demokratlar tərəfindən tənqid edilib.
“Tramp və Vens Putinin çirkin işini görürlər”, – Senatın demokrat lideri Çak Şumer bildirib.
“Bağışlayın, Prezident Tramp. Biz avtoritarizmə deyil, demokratiyaya inanırıq”, – ABŞ senatoru Berni Sanders yazıb.
Trampı onun keçmiş müşaviri Con Bolton da tənqid edib: “Tramp və Vens Rusiya – Ukrayna müharibəsində Rusiyanın tərəfində olduqlarını bəyan ediblər”.