Sabah Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.
Avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraiti elə də stabil olmayacaq. Yeni ayın ilk günündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.