Azərbaycanda aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusu müəyyən edilir.
Tribunainfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanuna əlavə edilən yeni maddədə əksini tapıb.
Yeni maddəyə əsasən, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya olacaq.
Qanun layihəsində qeyd edilib ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasın nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur.
Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyasına Əlavə 13-ün tələblərinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər aviasiya hadisələri və insidentlərinin araşdırılması məqsədilə mülki aviasiya qurumundan və onun fəaliyyətinə müdaxilə edə bilən digər qurumlardan müstəqil qurum yaratmalıdırlar. Müvafiq qurum Əlavə 13-ün tələblərinə uyğun olaraq tam müstəqil formada təsis edilməlidir.
Buna uyğun olaraq aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif olunur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.