backend

ATƏT-in kababını kim bişirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə çoxu fotoalbomlarını ələk-vələk etməyə başladı. Şuşada çəkdirdiyi şəkilləri xatırlamaq istəyirdilər. Elə bu gün də həmin şəkilləri sosial şəbəkələrdə öz hesabına yerləşdirib “İnşallah oralara qayıdarıq” yazanlar var.  

Raminə Eyvazqızı


Ötən gecə çoxu fotoalbomlarını ələk-vələk etməyə başladı. Şuşada çəkdirdiyi şəkilləri xatırlamaq istəyirdilər. Elə bu gün də həmin şəkilləri sosial şəbəkələrdə öz hesabına yerləşdirib “İnşallah oralara qayıdarıq” yazanlar var.  

Amma 25 illik həsrətdən sonra yazdığına inanmayanların sırası genişlənib. Hər il tarixi şəkil  üstündə şərh verənlərin ürəyi üzülüb, şəkildə dayandığı yeri, məkanı elə ağ-qara rəsm kimi xatırlayırlar. Bizlik nə var axı.


Cıdır düzündə qol götürüb oynayan, yazın siftə otlarını çirkin tapdaqları ilə ayaqlayan düşmənə paxıllıq etməyi də yaşatdılar bizə. Ermənini düşmən deyib hədəf aldığımız yerdə kürəyimizə bıçaq saplayan bir qrup özümüzdən olan  dördayaqlının xəyanətindən xəbər tutduq. Bu xəbərlərin rəsmi formada yayılmasının isə başqa ağrısı var. Xəyanətkarların olduğunu bilirik, bunu pafoslu təsvir etməyə gərək yox idi. Elə 25 il əvvəl də həmin satqınların ucbatından Şuşanın əyninə qara paltar geyindirmişdik. Və Şuşanın işğalı ilə yaşıd olan ATƏT-in Minsk qrupu. Ondan bir az kiçik olan 21 yaşlı atəşkəsin qorunmasına “xidmət “edən “Bişkek” protokolu.  Başqa sözlə, bizə tez-tez gəlib gedən, həmsədrləri dəyiş-düyüş edilən, heç bir işə yaramayan “nizamlayıcı”, amma ümidlərimizə qırıcı olan qruplar.

25 ildə ATƏT-in güya sülh gətirən qrupundan nə sezmişik? Ağzını marçıldada-marçıldada danışan, salfet ilə ağzı-burnunu silən, şalvarını çəkə-çəkə deyəcəyi sözü fikirləşən, bivec, məsuliyyətsiz, candərdi danışan, əlindəki monitorinqə dair qovluğu atmağa yer axtaran kişilər gördük. Amma hələ də Minsk qrupunun yarıtmaz fəaliyyətinə göz dikənlər var. 

Qarabağa dönüş nağılımızı həqiqətə çevirəcək kəslər hələ də onlardırmı? Xankəndi, Şuşa otlaqlarında veyil-veyil gəzən, kabab şişini götürməyə tələsən ATƏT nümayəndələrindən nə isə gözləməyə dəyməz. Həqiqəti deyənlər də var aralarında. Sonuncu dəfə Avstriyanın eks -prezidenti Haynts Fişerin Ermənistana iradlar etməsi,  ATƏT-in həddini aşmış Yerevan ofisinin bağlanmasına gətirib çıxardı. Yerevan ATƏT-i  saymır! Erməni ciğallığını, fitnəsini görmək üçün politoloq olmaq lazım deyil. Erməni Qarabağı ATƏT-in xətrinə Azərbaycana geri verəsi deyil. Ötən yay ATƏT-in Parlament  Assambleyasının vitse-prezidentliyi kürsüsünə Azay Quliyev seçiləndə papağımızı göyə atmışdıq. Sevindik ki, bəlkə bu post  ATƏT-in münaqişədə dönüş nöqtəsi yaratmasında cüzi də olsa rol oynayacaq. Yaxud Qarabağ, ətraf rayonlar haqqında qərarlarda ciddiyyət sezəcəyik. Bizim nümayəndənin ATƏT-də yükək post tutmasının əksinə  həmin təşkilatın Azərbaycanda lokal ofisinin olmaması isə maraq doğurur. Bəlkə də, ATƏT-in Bakı ofisi (2015-ci ildə bağlanıb) bağlanmaqda olan Yerevan ofisinin acığına yenidən fəaliyyət göstərməlidir.

Bizimsə, torpaqlara qovuşmaqla bağlı ümidimüz ər evindən küsüb gedən, elə özü də geri qayıdan gəlini xatırladır. Əsas odur ümid var.