backend

“Atatürkün də söylədiyi kimi, Azərbaycanın…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burdurda Qarabağ parkı və Xocalı abidəsi açılacaq. 

Burdurda Qarabağ parkı və Xocalı abidəsi açılacaq.

TİA.AZ  xəbər verir ki, Xocalı soyqırımı ilə bağlı konfransda iştirak etmək üçün Burdura səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Burdur bələdiyyə başqanı Əli Orkun Ərçingizlə görüşüb. Bələdiyyə başqanı Q.Paşayevanın Burdurda Azərbaycan küçəsi, Qarabağ Parkı və Xocalı abidəsi təklifinə böyük həssaslıqla yanaşıb. Bələdiyyə başqanı yaxın zamanlarda qaldırılan təkliflərin gerçəkləşəcəyini bildirib:

“Çünki Mustafa Kamal Atatürkün söylədiyi kimi, Azərbaycanın sevinci bizim də sevincimiz, kədəri bizim də kədərimizdir”.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri doktor Nəcibə Nəsibova və əməkdar artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüş zamanı Azərbaycana böyük sevgisi və təkliflərini müsbət qarşıladığı üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Burdur bələdiyyə başqanı Əli Orkunla Q.Paşayeva, Nəcibə Nəsibova və Nuriyyə Hüseynova Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıblar.

Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə baş verən terrora da diqqət çəkib:

“Terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbir diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır, deyirik”. 

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Burdurun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib. Burdur bələdiyyə başqanı Əli Orkun Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq, bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət göstərəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını söyləyib.

Millət vəkili Burdur bələdiyyə başqanına həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım türk dünyası” kitabı barədə danışan millət vəkili kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq hissələrində qədim Burdurun da yer alacağını bildirib: “Azərbaycan insanına Burduru daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.

Burdur bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva, Nəcibə Nəsibova və N.Hüseynova bələdiyyə başqanını Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini deyən Burdur bələdiyyə başqanı Əli Orkun dəvəti məmnuniyyətlə qəbul edib.