2023-cü ildə Biləsuvar rayonunun Çinarlı kəndində qətl hadisəsi baş vermişdi. 1975-ci il təvəllüdlü Cavid Həmidov tüfənglə yeznəsi, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi başından vuraraq qətlə yetirmişdi.
Musavat.com-un xəbərinə görə, hadisə torpaq üstündə başlayan müahisəyə görə baş vermişdi.
Törətdiyi qətlə görə Cavid Həmidov 18 il azadlıqdan məhrum edilib.
Bu hadisədən sorna qohumlar arasındakı münasibətlər daha da gərginləşib. Son olaraq isə mərhum Əsgər Abdullayevin oğlu Orxan atasının qatili Cavid Həmidovun oğlu Vadəri bıçaqlayıb.
Orxan kənd ərazisində avtobusa minən zaman Vadərlə rastlaşıb. Bir az Vadərin yanında əyləşdikdən sonra onu vurmağa başlayıb. Əlbəyaxa dava zamanı Orxan cibindən çıxardığı bıçaqla Vadərə bir zərbə endirib. Avtobusda olanlar onları sakitləşdirib və Orxanı yerə düşürüb.
Orxan ifadəsində deyib ki, atasının ölümündən sonra qohumlar arasında münasibətlər pisləşib, gediş-gəliş olmayıb. Onun sölzərinə görə, Vadəri avtobusda görən zaman atasının öldürülməsi yadına düşüb və əsəblərini cilovlaya bilməyib. O, əməlindən peşman olduğunu deyib.
Zərərçəkmiş Vadər də hadisənin baş verməsini oxşar şəkildə danışıb. Vadər onu bıçaqlayan Orxandan şikayətçi olmadığını deyib.
Məhkəmə xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurmaqda ittiham olunan Orxanı 2 il müddətinə azadlıqdan məhrum edib.