Bəzən övladların ataları və ya ataların övladları qarşısında aciz olduğu durumlar var. Əlindən bir iş gəlmir, amma çalışırsan və bu çalışmağın heç bir işə yaramır. Acizsən, üzgünsən, göz yaşını görməsinlər deyə içində ağlayırsan. Çünki gözünün önündə sevdiyin, sayğı duyduğun və müqəddəs bildiyin insan yox olub gedir.
“Bunu biz həkimlər, mənim üçün də çətindir demək, amma həqiqəti deməyə borcluyuq, ən azı xəstənin yaxınlarına”. Bu xəbəri mənə çatdırmaq üçün həkimin xüsusi hazırlıq görməsi, mimikasını xüsusi formaya salması, bir də xüsusi duruş alması gözümdən yayınmadı. Eyni ilə filmlərdəki kimi hiss etdim özümü. Boğazını artılayaraq , “sizin atanızda onkoloji xəstəlikdi” ifadəsi sanki əzabla çıxdı həkimin dilindən. Və həmin sözlər həkimin ağzından çıxana qədər keçirdiyim həyacanı ifadə edə bilmərəm. Bu sözü eşitməmək üçün öz həyatımdan, həm də tərəddüdsüz keçərdim.
Deməli mən 03.04.2019-ci ilə qədər, yəni bu xəbəri alana qədər xoşbəxtmişəm. Hər il olduğu kimi 22 ilin adət ənənəsini pozmadan, bu dəfə də Novruz bayramını valideyinlərlə keçirmək üçün kəndə getdim. Qardaşımın “ata yaman narahatdı, mütləq həkimə göstərmək lazımdır” deməsindən sonra Bakıya növbəti yoxlanışına gətirdim. Vaxtaşarı yoxlanırdı, həkim müayinəsindən keçirdi. Son müayinəsi zamanı, 7 ay öncə tam sağlam olmasını demişdi “həkim”. Bu haqda əlavə bir yazı təqdim edəcəm.
Həkimin cavabını atama bildirmədən evə tərəf getməyə başladım. Bir anlıq atamı evdə düşürüb tək qalmaq, hönkürmək istəyirdim. Ümidimi itirmədən nəticə ilə bağlı tanıdığım həkimlərə zəng etmək, onlarla danışmaq, heç olmasa dillərində “diaqnoz yanlışdır” sözünü eşitməyimi arzulayırdım. Yolu görmürəm, avtomobili necə idarə etdiyimin fərqində olmadan sürürəm. Fikrə dalmış formada atamın səsinə ayıldım “oğul həkimin hər dediyini inanma”, “məni filan həkimə də apararsan, o yaxşı həkimdi” sözü ayıltdı məni. Ciddi cəhdlə inkar etməyə çalşıdım ki, mən tələsdiyimdən maşını belə sürürəm.
Atam “tələsirsənsə, mən taksi ilə gedim, sən yoluna davam elə” dedi. Qarşımda 43 ilin pedaqoqu, bu illər ərzində mənim kimi yüzlərlə şagird, mütəxəssis yetirmiş və insan psixologiyasını bilən müəllim atamın olduğunu unutmuşdum. Unutmuşdum ki, bir baxışıyla adamın ürəyindəkilərini oxuyan, yazı taxtasında formulları yaza-yaza arxada, parta arxasında əyləşmiş hansı uşağın güldüyünü, dərslə məşğul olduğunu səhvsiz görə bilən bir şəxsiyyətin önündəyəm. Bəlkə də, özümü aldada bilərəm, amma onu aldatmağım mümkün deyildi. Sırf mən narahat olmayım deyə, özünü sözlərimə inanmış kimi göstərdi. Həkimin diaqnozundan sonrakı dövr, bir il bir ayı hər dəfə qapısından içəri keçən zaman günlərlə özümə gələ bilmədiyim “Onkologiya”da keçirdik. Həmin bir il bir ayı söhbət düşmüşkən müqəddəs insanlardan misal gətirməklə mənə nəsihətlər, öyüdlər verdi.Yenə, mən sakinləşim, ən azı mənəvi rahatlıq tapım deyə. Vəsiyyətlər edər, təsəlli verər və bununla həm özünü, həm də məni sanki yolun sonuna hazırlayırdı.
Mayın 11-də atamla sonuncu dəfə sağollaşdıq. Elə sağollaşdıq ki, sanki sağollaşmağımı indi, qəfil eşidirdim. Elə sağollaşdıq ki, sanki nə zamansa sağollaşmamalıydıq. Elə sağollaşdıq ki, mən buna nə hazır idim, nə də heç zaman hazır olmayacağam. Atamı yazın ətir qoxan, hər yerin yaşıl, təsəvvürlərdə cənnəti yaşıllıq kimi canladırdığımız məkanda, vaxtda dəfn etdik.
Yenə kimsəni görməmək, kimsədən təsəlli eşitməmək üçün evə gəldim. Telefonları belə söndürdüm ki, kimsədən təsəlli üçün deyilmiş sözləri eşitməyim. Yatmaq, dünyadan qopmaq, olanları yuxu olduğunu hiss etmək, ayılanda isə hər şeyin qaydasında olduğunu, atamı yanımda görmək üçün özümü yuxuya vermək istədim. Səhərə qədər gözü açıq, yatağıma uzanmış halda tavana baxdım. Atamın hərəkətləri, gülüşü, üzünün kədəri, sözləri, ağlım kəsdiyi dövrdən bəri gördüyüm hərəkətləri kino lenti kimi gözümün önündən keçdi. Səhərə yaxın yuxu aparıb məni.
Bir-iki saatlıq yuxudan dostum Əlinurun suallarına oyandım. “Ata, mən bunlara (evdəkiləri nəzərdə tutur) başa sala bilmirəm ki, bu gün mənim ad günümdür. Sən başa sal da bunları. Heç kim inanmır. Amma mən dəqiq bilirəm ki, bu gün mənim 6 yaşım tamam olur. Ata, bəlkə sən deyəsən. Mən izah edə bilmirəm bunlara. Ata, baba da gedib xəstəxanaya. Mənə hədiyyə də alamayacaq? Ata kənddə ad günü keçirmirlər gedək Bakıya”.
Uşaqların bu cür sualları qarşısında və bəzən dedikləri kəlimələr önündə dayanmağa dəmirdən ürəyin, poladdan səbrin olmalıdır. Hələ eşitmə qabiliyyətinin olmaması daha yaxşıdır məncə. Çünki beynini güllə kimi deşən sözlər var və onları eşitməmək daha məqbuldur. Və ən əsası ürəyini yandıran sözlərin qarşısındakı acizlik. Bu sualların qarşısında aciz durumdaydım. Dostumun önündə ağlamaq da istəmirdim. Göz yaşlarımı görməsin deyə. Çünki oğullar atalarını çox güclü bilirlər, çox dözümlü sanırlar. Qəhər məni boğa-boğa onu qucaqladım və titrək səslə “Bu mənim Atamın alın Yazısıdır” deyib, bağrıma basdım.
İlk gün “canımız isti olur” və baş verənləri kəsdirə bilmirik. Səhər açılır, adi günlərdən biriymiş kimi yuxudan durursan. Sənə elə gəlir ki, dünən baş verənlər yuxuydu. Və bir anlıq dərindən nəfəs alırsan, “yuxu idi, keçdi getdi” deyib təskinlik tapmağa çalışırsan. Amma… …Tez də başa düşürsən və anlayırsan ki, hər şey gerçəkdi. Otaqlarda axtarırsan, həyətə düşürsən, düşünürsən ki, bəlkə bağda oturub, yazın meyxoş havasını uda-uda pürrəngi çaydan içir. Və son… Daha yoxdur və olmayacaq. Sonuncu ümidin də əldən gedir.
Boğazında düyünlənmiş qəhər dayanmır və göz yaşına çevrilir. Damla-damla gözündən süzülür. Hönkürmək istəyirsən, amma hönkürə bilmirsən. Boğulursan, nəfəsin daralır, ürəyindən gələn səslər beynində guruldayır. Bir anlıq dəli olmaq həddinə çatırsan. Bəzən şaqqanaq çəkərək, gülmək istəyirsən. Bu dərdin sənə verdiyi əzabın, iztirabın təzahürləridir. Elin adamları qapıya gəlir, təskinlik verir, ovudursan özünü, səbirli olursan. Bir də evin böyük oğlu olmaq məsuliyyəti var. Ən ağır yük. Çəkməlisən, başqa yolun yoxdur. Atandan sonra sənsən. Və “atandan sonra” sözü sənin yeddi qatını yandırır. Dəhşət bundan sonra başlayır. Hər yerdə axtarmağa davam edirsən. Artıq çox sevdiyin insana “sabahın xeyir” deyə bilməyəcəksən. Təsəllini eyvana çıxıb, pəncərəni açaraq ucsuz-bucaqsız, Cənnəti xatırladan yaşıllıqlara baxaraq, onlara təmsilən “sabahın xeyir” deməklə tapacaqsan. Əminsən ki, Cənnətdədir deyə. Gecələri göy üzünə baxıb “gecən xeyrə qalsın” deyəcəksən. Bəlkə də yüz dəfə gördüyün, lakin həmin gün yenidən kəşf etdiyin bir ulduza diqqət edərək, “o ulduzlardan biri atamdır” düşüncəsinə qapılırsan.Hər gün gecələr ulduzlara baxıb, onunla söhbət edəcəksən. Ürəyini boşaldacaqsan. Sevincini, kədərini, problemlərini paylaşacaqsan. Səbirli ol, təmkini saxla. Axı, Cənnətlik insan səni göylərdən izləyir.
O, bizi boya-başa çatdırmaq üçün hansı çətinliklərdən keçməyib. Bəzən fikirləşirəm və düşünürəm ki, hər qayğıkeş atanın həyat yolundan bir roman yazmaq olar. O romanda atanın övladın üzünə dik baxmaq üçün çabalarından, sıxıntılarından bəhs etmək və hansı məhrumiyyətlərdən keçdiyini ssenariləşdirmək olardı. Bizim romandasa başqa məqamlar da var. O, təkcə ata yox, həm də müəllim rolundadır. Bu rolun qəhrəmanı bir ömür müəllim işləyib və indi siz təsəvvür edirsinizmi böyük bir külfəti müəllim məvacibi ilə böyütmək nə deməkdir?
Vaxtilə 6 kəndi özündə birləşdirən sovetliyin ilk ali təhsilli pedaqoqlarında biri ailəsini saxlamaq üçün digər peşələrə üz tutmağa vadar edən səbəblər də mövcud şərait və bizlər idik. Eyni vaxtda üç övladını oxutmağın, xüsusən də indiki şəraitdə nə demək olduğunu izaha gərəyi yoxdur. Hər birimizin daha yaxşı oxuması, çətinlik çəkməməyimiz üçün necə çabaladığını görmək ağır idi.
Amma bir dəfə də olsun boyun əymədi, aciz görünmədi, sıxıntısını bildirmədi, həmişə özünü tox tutdu. Biz də qürurla onun övladı olmağa çalışdıq. Atamın alın Yazısında yetişdirdiyi tələbələrindən güc almağı, onlarla fəxr etməsi də vardı. Çünki hazırladığı şagirdləri arasında xeyli sayda həkim, kimyaçı və bu sahənin mütəxəssisləri var. Bu gün onlar ölkədə tanınmış şəxslərdirlər. Bunca meyvələri olan bir müəllim atanın övladı olmaq nə qədər qürurvericidir.
Onu itirmək isə bir o qədər dəhşətli və kədərlidir. Atam BDU-nun kimya fakultəsini fərqlənmə ilə bitirəndə universitet rəhbərliyi onun qalıb, təhsilini davam etdirməsini, elm sahəsində daha böyük uğurlara imza atmasını istəmişdilər. Lakin atam razılaşmamışdı və doğulduğu kəndə dönüb, saman və palçıqdan ibarət çiy kərpicdən tikilmiş məktəbdə müəllim olmağı üstün tutmuşdu. Hədəfi, məqsədi də məlum idi. Yeni nəslə təhsil vermək, gəncləri yetişdirmək və onların daha böyük uğura imza atmasına nail olmaq. Sona qədər, tam 43 il bu məqsədindən yayınmadı.
Atamın alın Yazısı roman şəkilinə salınsa belə, yenə kifayət etməz. Atamdır deyə yazmıram, amma dediklərimi böyük bir el də təsdiqləyə bilər. Böyüklərin belə bir kəlamı var: “İnsanlar dünyadan köç edəndə, saxladıqları və apardıqları tək şey əməlləridir”. Çünki əməl gedənin qoyduğu ən böyük sərvət, eyni zamanda övladların üzərinə qoyulan ən böyük məsuliyyətdir. Atam da bizim üçün böyük məktəb, yaxşı əməlləri ilə qazandığı adını qoyub, getdi. Bundan sonra daha çox ona layiq olmaq üçün yaşamaq və onun kimi olmaq lazımdır.
P.S. Atalar dünyadan köçəndə övladlar böyüyür.
Əlişir Alxas oğlu Əhəd