Azərbaycanda daha bir vətəndaş-bank dramı yaşanır.
Azərbaycanda daha bir vətəndaş-bank dramı yaşanır. Bu dəfə “AtaBank” ondan daşınmaz əmlak girov qoyub kredit götürən vətəndaşın obyektini mənimsəmək istəyir. Hansı ki, həmin obyektin indiki bazar dəyəri faizlərlə birlikdə kreditin məbləğindən dəfələrlə çoxdur. Bu şikayətlə virtualaz.org-un redaksiyasına Bakı sakini, I qrup əlil Xəyyam Nuriyev müraciət edib.
X.Nuriyev bildirir ki, 2 dəfə böyrək köçürülməsi əməliyyatı keçirib və bu əməliyyatların xərclərini ödəmək üçün “AtaBank”dan 200 min manat kredit götürüb. Əvəzində banka dəyəri kreditin məbləğindən dəfələrlə artıq olan daşınmaz əmlak girov qoyub.
X.Nuriyev xəstəliyinə görə həmin krediti vaxtında qaytara bilmədiyindən üzərinə daha 50 min manat faiz gəlib və banka 250 min manat borcu yaranıb.
Bank yaranmış borca görə dəyəri 800-900 min manata yaxın olan obyekti satışa çıxarıb.
Şikayətçinin sözlərinə görə, bank Bakının Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsində, Dövlət Miqrasiya Xidmətinin yaxınlığında yerləşən iki mərtəbəli, 300 kv metrlik obyekti dəyərindən xeyli ucuz sataraq qalan pulu mənimsəmək niyyətindədir.
“Bankın işçiləri guya mənə kömək məqsədilə girov qoyduğum obyekti 650 min manata almağa razı olan müştəri tapdılar. Amma mən bununla razılaşmadım, çünki əgər araşdırılsa və mütəxəssis rəyi soruşulsa, həmin obyektin hazırkı bazar dəyərinin 800-900 min manat olduğu ortaya çıxar. Bu alqı-satqıdan imtina edəndən sonra bankın nümayəndələri həmin obyekti zəbt ediblər və məni obyektə yaxın düşməyə qoymurlar”, – deyə şikayətçi bildirib.
X. Nuriyev qeyd edir ki, o, “AtaBank”a obyektin real bazar dəyərinə satılaraq bölünməsini təklif edib. Lakin bu təklifə əhəmiyyət verən olmayıb. Daha sonra şikayətçi obyektin həmin müştəriyə 650 min manata satılmasına razılaşıb. Bir şərtlə ki, bank obyekti satıb kredit borcunu götürsün, qalan pulu isə müştəriyə qaytarsın. Hansı ki, qanunlar da bunu tələb edir. Bank isə bu təklifə reaksiya verməyib.
“Bank özbaşınalıq edir və heç bir addım atmır. “AtaBank”ın işçilərindən kimsə obyekti satıb yerdə qalan pulu götürmək istəyir. Mən əminəm ki, bankın səhmdarlarının bu özbaşınalıqdan xəbəri yoxdur”, – deyə X. Nuriyev bildirib.
Qanuna görə, əslində vətəndaş krediti qaytara bilmirsə, o zaman girov borcun qaytarılması istiqamətdə sərf oluna bilər. Amma bir şərtlə ki, bank satılan girovdan borcu çıxaraq qalan məbləği vətəndaşa qaytarmalıdır. Azərbaycan təcrübəsində əksər hallarda krediti qaytara bilməyəndə, həmin girov dəyər-dəyməzinə satılır. Əksər hallarda isə girov bazar qiymətindən xeyli ucuz satılır. Belə qiymət isə ona görə qoyulur ki, bank əmlakı qısa müddətdə sata bilsin.
Bu məsələ ilə bağlı “AtaBank”-la əlaqə saxladıq. Bankın problemli kreditlər şöbəsinin özünü təqdim etmək istəməyən əməkdaşı telefonla məlumat verməyin mümkün olmadığını, bunun üçün yalnız baş ofisə rəsmi müraciət etməli olduğumuzu bildirdilər. Üstəlik bizə vətəndaşın şikayəti ilə bağlı bankın mövqeyini öyrənmək cəhdimizə görə irad da tutdular: “Siz hüquq-mühafizə orqanısız ki, araşdırma aparırsınız? Əgər hər hansı şikayət varsa, rəsmi qaydada rəhbərliyə məktub yazılmalıdır. Və ya bizim baş ofisə yaxınlaşıb məsələni orada araşdırın. Biz müştərilərimiz haqqında məlumat vermirik. Biz ümumiyyətlə, telefonla məlumat vermirik”.