Ata bayramın mübarək

Ata bayramın mübarək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ata, bu gün il dəyişir; 2024-dən 25-ə keçirik. Sənsizliyin 482-ci günündə gəlmişəm, səni ziyarət etməyə..
Bu görüş əvvəlkilərdən fərqlidir. İndi mən danışacam, sən qulaq asacaqsan. Cavabı daşa yapışdırılmış cansız rəsimdəki baxışlardan anlamalıyam. Bu çox çətin səhnədir!!
Sıxıldım, Ata; İnsanların saxta münasibətlərindən, yalançı təbriklərindən, rola girən dost kimilərdən sıxıldım. Hər şeyi təmənnada axtaran insankimilərdən sıxıldım.
Nə olar, işarə ver, bilim orda sırat körpüsü varmı? İnsanlar etdiklərinin hesabını verirlərmi? Harama uzatdıqları əllər onların üzünə dururlarmı? Dost, qardaş arxasınca danışdıqları dilləri orda qurulan ədalət məhkəməsində şahidlik edirlərmi? Nəfsə uyduqları tamahların günahlarını etiraf edirlərmi? Günahkarlar cəhənnəm əzabında yandırılırmı? Mən ora arxayınam, ata!
Arxayınam ki, mənə hiylə gələnlərə hiylə gəlmirəm! Məni aldadanları aldatmıram, incitmirəm! Haram yeyənlərdən uzaq qaçıram. Dünya malına bağlanmıram! Arxayınam ha, ata!
Yoxsa ora da bura kimidir? Cavab ver..
Heç olmasa, yuxuma gəl, de! Orda vəziyyət yaxşıdırsa, tez gəlim ora! Sənsiz də çox darıxıram! Sən gedəni yalnız qalmışam! Bir də insanların vəhşi xasiyyətləri, qorxunc xislətləri!
Ata, təyyarəmizi də vurdular! Bilirsən, kim vurdu? Dost bildiyimiz Rusiya! Burda həyat budur; Əl verdiklərin qolunu dibindən vurur. Sənə bir bağışlamaq qalır. Onu da edirsən!
Sənin son nəfəsində “iynə vurun yatım” ifadəsi ilə , vurulan təyyarəmizdə stüardesa işləyən şəhid xanımın “hər şey yaxşı olacaq” ifadəsi ürəyimi daim sızladacaq. Ölümü şərəflə dadanlar belə deyirmi?
37 ailə başsız qaldı. Bir üzrlə məsələni bağladıq. Onlar edərlərmi? Əsla! Biz də eləyik! Bizim bağışladıqlarımız qışda bizə su belə verməzlər!
Ata gələndə cənnətdə olan Şəhidlərimizi ziyarət etdim; xahiş elədim ki, imkan olsa, sənə köməklik etsinlər! 11 uşaq böyütmüsən bu haqsız dünyada.. Əlinin qabarları ilə.. O haqsız dünyadır ki, orda 20 evi olan evi olmayanların daxmasını uçurur. O haqsız dünya ki pul içində üzənlər imkansızın işığını kəsir, qazını kəsir. Evini qızdırmaq üçün odun gətirəni cərimələyir.
Ata, mən gedirəm! Bayramın mübarək! Anama, övladlarına görə narahat olma. Amma baxa-baxa qaldın. Hansı tərəfə gedirəm, ora baxırsan, amma danışa bilmirsən!
11 övladın ola-ola halal yolla tikdiyin yurdun bomboş qalıb. İnsanlar bunu heç vaxt anlamayıb, anlamayacaq! Sənin kimi olana qədər!
Talıb Əhədov